Gürcüstan parlamenti nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketini ilk oxunuşda qəbul edib - YENİLƏNİB
- 15 oktyabr, 2025
- 16:40

Gürcüstan parlamenti toplantı və nümayişlərə nəzarəti sərtləşdirən qanunvericilik paketi layihəsini birinci oxunuşda qəbul edib.
"Report"un Gürcüstan bürosu xəbər verir ki, layihəyə Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsi üzrə dəyişikliklər daxildir.
Məlumata görə, dəyişikliklərə əsasən, mitinq iştirakçısının üzünü maska ilə örtməsi, gözyaşardıcı qaz və ya zəhərli maddələr daşıması, yolu bağlaması və ya müvəqqəti tikili ucaltması kimi hallarda ilkin instansiyada 15 sutkaya qədər inzibati həbs, tədbirin təşkilatçısı olduqda isə 2 sutkaya qədər inzibati həbs tətbiq olunacaq.
Daxili İşlər Nazirliyinin tələb etdiyi halda xitam verilməli olan toplantıda iştirak birinci dəfə törədildikdə 60 sutkaya qədər inzibati həbs, silah, pirotexniki vasitə və ya insan sağlamlığına təhlükə yaradan əşyaya malik şəxslərə də 60 sutkaya qədər inzibati həbs tətbiq ediləcək. Təkrar qadağan olunmuş hərəkətlər bir ilədək, üçüncü və sonrakı hallarda isə iki ilədək cinayət məsuliyyətinə səbəb olacaq.
Bundan başqa, Cinayət Məcəlləsinə hüquq-mühafizə orqanı əməkdaşını üçüncü dəfə təhqir edən və ya onun qanuni əmrinə tabe olmayan şəxslərin məsuliyyətinə dair yeni maddə əlavə edilir.
Qanunvericilik paketinin müəllifləri və təşəbbüskarları "Gürcü Arzusu" partiyasının deputatlarıdır. Qanun layihəsinin ikinci və üçüncü oxunuşlarının müzakirəsi oktyabrın 16-da keçiriləcək plenar iclasda planlaşdırılır.
Gürcüstan parlamenti müəyyən şəxslərin siyasi fəaliyyətini məhdudlaşdıran qanun layihəsini birinci oxunuşda təsdiqləyib.
"Report"un yerli bürosu xəbər verir ki, parlament konkret şəxslərin partiya fəaliyyətini, siyasi vəzifə tutma hüququnu və seçkilərdə iştirakını qadağan edən qanunvericilik paketini birinci oxunuşda 80 səslə yekdilliklə dəstəkləyib.
Qanun layihəsi "Gürcü Arzusu" partiyasının təşəbbüsü ilə plenar iclasda sürətləndirilmiş qaydada qəbul olunub.
Dəyişikliklərə əsasən, əgər Konstitusiya Məhkəməsinin qərarı ilə hər hansı partiyanın fəaliyyəti qadağan edilərsə, həmin partiyanın üzvləri və ona bağlı şəxslər passiv seçki hüququndan məhrum ediləcək. Bu şəxslər artıq parlament və bələdiyyə seçkilərində iştirak edə, konstitusiya orqanlarında rəhbər vəzifə tuta və digər partiyalara üzv ola bilməyəcəklər.
Sənəd, həmçinin bu şəxslərin digər partiyalara maddi dəstək göstərməsini də qadağan edir. Eyni zamanda, belə şəxsləri sıralarına qəbul edən partiyalar Cinayət Məcəlləsinə əsasən cərimə olunacaq.
Hüquq məsələləri komitəsinin sədri Arçil Qorduladzenin sözlərinə görə, yeni qanunvericilik qüvvəyə mindikdən sonra "Gürcü Arzusu" Konstitusiya Məhkəməsinə müraciət edərək konkret partiyaların fəaliyyətinin qadağan edilməsini və onlara bağlı şəxslərin hüquqlarının məhdudlaşdırılmasını tələb edəcək: "Bu dəyişikliklərdən sonra siyasətlə məşğul olan agentliklərə son qoyulacaq".
O qeyd edib ki, təqdim edilən qanun layihəsi həm Gürcüstan Konstitusiyasına, həm də Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə tam uyğundur.
Qanunvericilik paketinin ikinci və üçüncü oxunuşlarda bu həftə ərzində qəbul ediləcəyi gözlənilir.