Azərbaycanın Qazax və Qazaxıstanın Taraz şəhərləri qardaşlaşıb
- 21 oktyabr, 2025
- 15:26

Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstana dövlət səfəri çərçivəsində Azərbaycanın Qazax şəhəri ilə Qazaxıstanın Taraz şəhəri arasında qardaşlaşma əlaqələrinin qurulması haqqında protokol imzalanıb.
"Report"un yerli KİV-ə istinadən məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib.
Onun sözlərinə görə, qardaşlaşma haqqında qərar rəmzi xarakter daşıyır və iki xalq arasında dərin tarixi və mədəni əlaqələri əks etdirir.
A.Bayel qeyd edib ki, Qazax rayonunda bu günə qədər Qazaxıstan mədəniyyətinə yaxın ənənələr və xüsusiyyətlər qorunub saxlanılır: "Burada qurut hazırlayır, aşıqlara (akınlara) hörmət edir, atları sevirlər. Biz qərara aldıq ki, Qazax ilə Taraz arasında qardaşlaşma əlaqələrinin qurulması qardaşlıq münasibətlərimizi daha da gücləndirən rəmzi addım olacaq".
Qardaşlaşma haqqında protokolun imzalanması Azərbaycan və Qazaxıstan arasında dostluq və strateji əməkdaşlığın möhkəmləndirilməsində daha bir addım olub.