Şahmar Hacıyahyayev: "WorldSkills Şanxay" dünyanın ən nüfuzlu kibertəhlükəsizlik yarışlarındandır"
- 21 oktyabr, 2025
- 17:38

Gələn il sentyabrın 22-27-də Çinin Şanxay şəhərində keçiriləcək kibertəhlükəsizlik üzrə "WorldSkills Şanxay 2026" beynəlxalq peşə bacarıqları yarışması dünyanın ən nüfuzlu gənclər yarışlarından biridir.
Bunu "Report"a müsahibəsində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İnformasiya Təhlükəsizliyi Departamentinin müdiri Şahmar Hacıyahyayev bildirib.
Onun sözlərinə görə, yarışın əsas məqsədi gənclərin müxtəlif peşə sahələrində bilik və bacarıqlarını qiymətləndirmək, onları beynəlxalq səviyyədə tanıtmaq və gələcək peşəkar inkişaflarına təkan verməkdir: "WorldSkills" təkcə bir sahə ilə məhdudlaşmır – o, sənaye, məişət və təhsil daxil olmaqla, onlarla müxtəlif peşə istiqamətini əhatə edir. Son illərdə kibertəhlükəsizlik də bu siyahıya daxil edilərək yarışmanın ən aktual və strateji sahələrindən birinə çevrilib. Rəqəmsal dünyanın genişlənməsi fonunda bu istiqamətin əhəmiyyəti sürətlə artıb və artıq "WorldSkills"in ayrılmaz hissəsinə çevrilib".
Ş.Hacıyahyayev əlavə edib ki, "WorldSkills Şanxay 2026" beynəlxalq yarışının seçim mərhələsinə start verilib, 89 ölkədən 1 000-dən çox iştirakçı və ekspertin bir araya gələcəyi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edəcək mütəxəssislərin hazırlanması məqsədilə İRİA ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Kibertəhlükəsizlik Mərkəzi hazırlıq prosesinə start verib: "Azərbaycanın beynəlxalq arenada uğurla təmsil olunması məqsədilə "WorldSkills Azerbaijan" çərçivəsində kibertəhlükəsizlik üzrə bütün tədbirlər İRİA-nın nəzdində fəaliyyət göstərən Azərbaycan Kibertəhlükəsizlik Mərkəzində həyata keçiriləcək. Bu istiqamətdə fəaliyyətlər qeydiyyat, seçim və yarışmaya hazırlıq prosesini əhatə edəcək. Yarış günlərinə qədər 25 yaşı tamam olmayan, "intermediate" səviyyəsində texniki ingilis dili biliklərinə malik, kibertəhlükəsizlik sahəsində təhsil alan və yaxud bu sahədə fəaliyyət göstərən gənc mütəxəssislər müsabiqədə iştirak etmək üçün müraciət edə bilərlər. Qeydiyyatdan keçən namizədlər üçün Birinci tur (First Round CTF), yarımfinal (Semi-Final CTF), və final (Final CTF) olmaqla 3 mərhələli CTF (Capture The Flag) yarışı keçiriləcək. Hər mərhələ fərqli tarixlərdə baş tutacaq. Finala yüksələn 5 komanda (hər komanda üzrə 2 nəfər olmaqla) intensiv hazırlıq mərhələsinə dəvət olunacaq və sözügedən sahənin aparıcı mütəxəssislərdən xüsusi təlimlər alacaqlar".
Sözügedən tədbir yerli təhsil, iqtisadiyyat, turizm və beynəlxalq əlaqələrin inkişafı baxımından dəyərli imkanlar yaradacaq, həmçinin mədəniyyətlərarası mübadilənin təşviqinə töhfə verəcək. İştirakçılar müxtəlif texniki və peşə sahələri üzrə bacarıqlarını nümayiş etdirərək texniki bilik mübadiləsinə dəstək göstərəcəklər.
Qeydiyyat üçün link: https://bit.ly/WorldSkills-Azerbaijan-Competition