İlham Əliyev Qazaxıstan Prezidentini Azərbaycana səfərə dəvət edib
- 21 oktyabr, 2025
- 17:40

Prezident İlham Əliyev qazaxıstanlı həmkarı Kasım-Jomart Tokayevi Azərbaycana 2026-cı ildə dövlət səfərinə dəvət edib.
"Report"un məlumatına görə, bu barədə İlham Əliyev Qazaxıstan Prezidenti ilə Astanada mətbuata birgə bəyanatları zamanı deyib.
"Qardaş münasibətinə, səmimi qəbula görə, sadəcə olaraq, bir daha minnətdarlığımı ifadə etmək və Prezident Tokayevi gələn il istənilən uyğun vaxtda Azərbaycana dövlət səfərinə dəvət etmək istərdim".
Dövlət başçısı xatırladıb ki, gələn il Azərbaycan iki mühüm beynəlxalq tədbirə ev sahibliyi edəcək:
"Bunlar İslam Əməkdaşlıq Təşkilatının sammiti və Qazaxıstanın təşəbbüsü nəticəsində strukturu formalaşan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri Müşavirəsinin sammitidir".
İlham Əliyev vurğulayıb ki, Azərbaycan və Qazaxıstan bütün beynəlxalq platformalarda demək olar ki, vahid mövqedən çıxış edir.
"Bugünkü danışıqlar, fikir mübadiləsi və qərarlar bunu bir daha təsdiq edir", - İlham Əliyev deyib.