Latviya səfiri: "LEF Azerbaijan" layihəsi Mərkəzi Baltik ölkələri ilə əlaqələrinizi gücləndirib"
- 21 oktyabr, 2025
- 17:31

"LEF Azerbaijan" layihəsi Mərkəzi Baltik ölkələri ilə Azərbaycan arasında əməkdaşlığı gücləndirmək üçün bir platforma yaradıb.
"Report"un məlumatına görə, bunu Latviyanın Azərbaycandakı səfiri Edqars Skuya Bakıda keçirilən "Mərkəzi Baltik – Azərbaycan" biznes forumunda bildirib.
Diplomatın sözlərinə görə, layihə dörd ölkədən - Azərbaycan, Estoniya, Latviya və Finlandiyadan olan iştirakçılara təkcə yeni əlaqələr qurmağa deyil, həm də dəyərli təcrübə mübadiləsi aparmağa imkan verib.
"Dörd ölkədən olan nümayəndə heyətləri əla iş görüblər: əlaqələr qurublar, təcrübə və ideyaların mübadiləsini ediblər. Bu layihə sayəsində bir-birimiz, ölkələrimiz, bazar imkanları və ticarət perspektivləri haqqında çox şey öyrəndik. Azərbaycanla tanış olduq və gələcək qarşılıqlı fəaliyyət üçün potensial gördük", - E.Skuya qeyd edib.
Səfir vurğulayıb ki, "LEF Azerbaijan" çərçivəsində əməkdaşlıq gələcək təşəbbüslər və uzunmüddətli tərəfdaşlıqlar üçün təməl qoyub: "Bu layihəni gələcək tədbirlər üçün başlanğıc nöqtəsi kimi istifadə edin. Siz artıq inkişaf etdirə, gələcəkdə istifadə edə biləcəyiniz əlaqələr qurmusunuz. Bu tərəfdaşlığın məntiqi nəticəsi əməkdaşlıq haqqında memorandumun imzalanması olacaq".