Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir

Xarici siyasət
  • 04 dekabr, 2025
  • 23:55
Avropa reallığı gördü: Azərbaycanın gücü dəyərlidir

Ermənistanın baş naziri Nikol Paşinyanın yaxın vaxtlarda Almaniyaya səfəri nəzərdə tutulur.

"Report" xəbər verir ki, səfər zamanı Ermənistan-Almaniya ikitərəfli münasibətləri ilə yanaşı, Cənubi Qafqazda vəziyyət, Azərbaycanla sülh və normallaşma prosesinin müzakirə mövzusu olacağı gözlənilir.

Səfər öncəsi Almaniya Kansleri Fridrix Mertsin Nikol Paşinyana deyil, Prezident İlham Əliyevə zəng etməsi göstərir ki, məhz Azərbaycanın gücü dəyərlidir və ölkəmiz Cənubi Qafqazda söz sahibidir.

Dünya siyasətində öz yeri və rolu olan Almaniyanın Ermənistan dövlət və hökumət rəsmilərindən əvvəl, Cənubi Qafqazdakı vəziyyəti məhz Azərbaycanla müzakirə etməsi sülh gündəliyində rəsmi Bakının danılmaz rolunu bir daha göstərir. Avropa regional sülh təşəbbüslərinin müəllifi kimi məhz Azərbaycanı tanıyır və dəstəkləyir.

Telefon danışığı zamanı Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri ətrafında aparılan müzakirələr dövlət başçısının həyata keçirdiyi uğurlu xarici siyasət strategiyasının təntənəsidir. Kanslerin İlham Əliyevi öz ölkəsinə səfərə dəvət etməsi də Azərbaycan Prezidentinə olan hörmət və ehtiramın ifadəsidir. Beləliklə, Almaniya dərk edir ki, Azərbaycan Prezidentinin Cənubi Qafqaz üçün formalaşdırdığı sülh modeli regionun parlaq gələcəyinə, dayanıqlı inkişafına zəmin yaradır.

Bütün bunlarla yanaşı, nüfuzlu Qərb dövlətlərinin bir neçə gün əvvəl hakimiyyəti zorla ələ keçirməkdə ittiham edilərək həbs olunan Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin müdafiəsinə qalxacağı barədə əsassız iddialara son qoyuldu. Eləcə də Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə olduğunu nəzərə alsaq, görünən o idi ki, bu siyasətçi Avropa üçün maraqlı deyil.

Halbuki Avropa bundan əvvəl qanunvericiliyin pozulmasına görə həbslər zamanı qərəzli açıqlamaları ilə Azərbaycanı guya insan hüquqlarının və demokratik normaların pozulduğu bir ölkə kimi qələmə verirdi. İndiki halda isə bu hal müşahidə olunmur. Çünki Azərbaycan dövlət qanunvericiliyi və beynəlxalq konvensiyalarla müəyyən edilmiş prosedurları yerinə yetirib. Əli Kərimli vəkillə təmin edilib və tibbi müayinədən keçirilib.

Bu, o deməkdir ki, Vətənə, dövlətə xəyanətkar mövqedə dayanaraq, bəzi xarici qüvvələrin sifarişini yerinə yetirən bu kimi şəxslərin həbsinə Avropanın müdaxiləsinə ehtiyac qalmır.

Göründüyü kimi, Azərbaycanla Almaniyanın münasibətləri hazırda yeni inkişaf dövrünə qədəm qoyur. Əvvəlki illərdə olduğu kimi, Azərbaycan bundan sonra da Avropa üçün uzun illər əhəmiyyətli tərəfdaş olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti