Azərbaycan - NATO əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri müzakirə olunub
- 05 dekabr, 2025
- 00:00
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Nazirlər Şurasının Vyana şəhərində keçirilən 32-ci iclası çərçivəsində NATO baş katibinin müavini Radmila Şekerinska ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Görüş zamanı Azərbaycan və NATO arasında əməkdaşlıq gündəliyinin təhlükəsizlik, müdafiə, enerji təhlükəsizliyi və digər aspektləri müzakirə olunub.
NATO üzv ölkələrinin səfirlərinin ölkəmizə cari ilin noyabr ayında ölkəmizə səfəri və yüksək səviyyəli görüşlər məmnunluqla xatırlanıb.
C.Bayramov, Vaşinqton sammiti çərçivəsində əldə olunmuş razılıqlar və sülh perspektivləri, bölgədə nəqliyyat dəhlizləri üzrə planlar barədə məlumat verib.
Görüş zamanı həmçinin, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər, NATO mexanizmləri çərçivəsində əməkdaşlıq ətrafında fikir mübadiləsi aparılıb.