Assiya Tikeyeva: Türk dövlətlərinin QHT-ləri arasında əməkdaşlıq əhəmiyyətli nəticələrə nail olmağa imkan verir
- 24 noyabr, 2025
- 14:19
Türk dövlətlərinin qeyri-hökumət təşkilatları (QHT) arasında əməkdaşlığın inkişafı xüsusilə vacibdir, belə ki, onları ortaq dəyərlər, tarixi köklər və dil birləşdirir.
"Report" xəbər verir ki, bunu "Community Hub" fondunun (Qazaxıstan) direktoru Assiya Tikeyeva Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının Həmrəylik Forumunda bildirib.
Onun sözlərinə görə, Türk dünyasının qeyri-hökumət təşkilatları arasında əməkdaşlıq daha səmərəli təcrübə mübadiləsi aparmağa və əhəmiyyətli nəticələrə nail olmağa imkan verəcək:
"Qazaxıstanda QHT-lər çox yüksək səviyyədə inkişaf edib. Bizdə könüllülük hərəkatları və vətəndaş cəmiyyətləri fəal işləyir və onlar insanlara həqiqətən kömək edirlər. Bu təşkilatlar inklüzivliyin inkişafı üçün çox iş görür. İnklüzivlik təkcə panduslar və Brayl şrifti demək deyil. Bu, sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə maneəsiz inteqrasiya etmək imkanıdır".
A.Tikeyeva forumun təşkilinə və türk dövlətlərinin QHT-ləri arasında qarşılıqlı əlaqələrin genişləndirilməsinə verdiyi töhfəyə görə Azərbaycana təşəkkürünü bildirib:
"Biz birlikdə cəmiyyətlərimizi daha açıq və inklüziv edə bilərik. Bugünkü foruma görə Azərbaycana təşəkkür edirəm. Bakıda qazandığımız təcrübə müsbət dəyişikliklərin təməlini qoyacaq".