London və Brüssel Britaniyanın SAFE müdafiə proqramına qoşulması barədə razılığa gələ bilməyib
- 28 noyabr, 2025
- 22:31
Böyük Britaniya və Avropa İttifaqı Londonun Avropanın birgə müdafiə investisiya proqramı olan SAFE ("Security Action for Europe") layihəsinə qoşulması ilə bağlı tələb olunan maliyyə ödənişi üzərindəki fikir ayrılıqları səbəbindən razılığa gələ bilməyib.
"Report" xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
"Avropa İttifaqının 150 milyard avroluq qabaqcıl müdafiə fonduna Böyük Britaniyanın qoşulması ilə bağlı danışıqlar uğursuzluqla nəticələnib", – agentlik bildirib.
Tərəflər bu həftə danışıqlar aparsalar da, noyabrın sonuna təsadüf edən son tarixədək razılıq əldə edə bilməyiblər.
Nəşrin məlumatına görə, Avropa Komissiyası Londondan 6,75 milyard avro ödəniş tələb edib, Böyük Britaniya isə 82 milyon avro təklif edib. Bürüssel bu təklifi rədd edib.
SAFE proqramının hazırlanma planına əsasən, fondun vəsaitləri Avropanın müdafiəsi üçün ən vacib vasitələrin - PUA-lar, raketlər, HHM sistemləri, kiberməkanın müdafiəsi üçün avadanlıqların istehsalına yönəldiləcək. Fondun vəsaitlərinin, əsasən, Aİ şirkətlərinə, Ukraynaya, Avropa İqtisadi Zonası və Avropa Azad Ticarət Assosiasiyasının üzvlərinə ayrılması nəzərdə tutulur. Bundan əlavə, Cənubi Koreya və Türkiyə də SAFE proqramına çıxış əldə etmək istəyir.