Turizm rəsmisi: "Sağlamlıq turizmində müsbət tendensiyalar müşahidə edilir"
- 15 oktyabr, 2025
- 11:46

Son illər Azərbaycanda sağlamlıq turizmində çox müsbət tendensiyalar müşahidə edilir.
"Report" xəbər verir ki, bunu Dövlət Turizm Agentliyinin şöbə müdiri Elgün Cavadov Bakıda keçirilən II Azərbaycan Sağlamlıq Turizmi Konfransı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, hazırda xüsusilə Naftalana postsovet ölkələrindən gələn turistlərin sayı ildən-ilə artır: "Bu sahədə müəyyən işlər görməyə davam edirik. Bilirsiniz ki, Prezident İlham Əliyev Naftalan neftinin sağlamlıq turizimində istifadə edilməsi ilə bağlı sərəncam verib. Bu istiqamətdə işlər aparılır, xidmətlərin müalicə tərəflərinin dəqiqləşdirilməsi və genişləndirilməsi, o xidmətlərin dünya standartlarına çatdırılması üçün müəyyən proqram icra edilir. Müalicə məqsədi ilə ölkəyə gələn turistlərin sayında da artım müşahidə edilir. Bununla da, növbəti illərdə artıq Azərbaycan özünün müalicə xidmətləri ilə, xüsusi paketləri ilə fərqlənə bilər".