"Ziraat Bank Azərbaycan" maliyyə vəziyyətini açıqlayıb
- 15 oktyabr, 2025
- 14:08

"Ziraat Bank Azərbaycan" ASC bu ilin yanvar-sentyabr aylarını 18,363 milyon manat xalis mənfəətlə başa vurub.
"Report" Bankın maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 62,6 % çoxdur.
9 ay ərzində "Ziraat Bank Azərbaycan"ın əməliyyat gəlirləri 75,175 milyon manat (illik müqayisədə 41,8% çox), əməliyyat xərcləri 45,946 milyon manat (55,4 % çox), xüsusi ehtiyatlara ayırmaları 5,849 milyon manat (42,4 % az), gözlənilməz gəlirləri 106 min manat (0,9 % az), mənfəət vergisi ödəmələri isə 5,124 milyon manat (2,4 dəfə çox) təşkil edib.
Bu il oktyabrın 1-nə "Ziraat Bank Azərbaycan"ın aktivləri 1 milyard 233,702 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 53,3 % çoxdur. Bunun 715,898 milyon manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 65 % böyüyüb.
Hesabat dövründə "Ziraat Bank Azərbaycan"ın öhdəlikləri 59,8 % artaraq 1 milyard 79,358 milyon manata, o cümlədən depozit portfeli 13,9 % artaraq 628,818 milyon manata, balans kapitalı isə 19,2 % artaraq 153,344 milyon manata çatıb.
Xatırladaq ki, "Ziraat Bank Azərbaycan" 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 65,5 milyon manatdır. Bankın səhmlərinin 99,98%-i Türkiyənin "Ziraat Bank"ına, 0,01%-i "Zıraat Sıgorta" şirkətinə, 0,01%-i isə "Ziraat Yatırım Menkul Değerler" şirkətinə məxsusdur.