Elçin Yusubov: "Xankəndi, Ağdərə və Xocalıya 65 milyon manatdan çox özəl investisiya yatırılıb"
- 15 oktyabr, 2025
- 13:41

Bu günə qədər özəl investorlar tərəfindən Qarabağ regionuna 65 milyon manatdan çox vəsait yatırılıb və bütün bu vəsaitlər Xankəndi, Ağdərə və Xocalıda yeni iş yerlərinin yaradılmasına yönəldilib.
"Report"un Xankəndiyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası xüsusi nümayəndəsi Elçin Yusubov III Azərbaycan Milli Şəhərsalma Forumu (NUFA3) çərçivəsində keçirilən "Qarabağda inklüziv, ekoloji və dayanıqlı gələcəyə dəstək" panel müzakirəsində çıxışı zamanı bildirib.
E.Yusubov vurğulayıb ki, bu layihələrin həyata keçirilməsi artıq hiss olunacaq nəticələr verir: "Artıq təxminən 3 min yeni iş yeri açılıb, yaxın aylarda isə bu göstəricinin 7 minə çatacağı gözlənilir".
Onun sözlərinə görə, hökumət tərəfindən bölgədə sənaye obyektlərinin istifadəyə verilməsi istiqamətində ciddi işlər görülüb: "Artıq kərpic və dəmir-beton zavodlarının açılışı olub. Yaxın günlərdə isə onlarla yeni sənaye müəssisəsinin istismara verilməsi planlaşdırılır".