Gələn ilin əmək miqrasiyası kvotasına dair təkliflər Nazirlər Kabinetinə təqdim olunacaq
- 26 noyabr, 2025
- 11:07
2026-cı il üçün əmək miqrasiyası kvotasına, eyni zamanda 2025-ci ilin təsdiq olunmuş əmək miqrasiyası kvotasına nəzərdə tutulan dəyişikliklərlə bağlı təkliflər baxılmaq üçün Nazirlər Kabinetinə təqdim olunacaq.
"Report" xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) məlumat yayıb.
Bununla bağlı əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin sədrliyi ilə "Əmək miqrasiyası kvotasının müəyyən edilməsi üçün təkliflərin hazırlanması və bu sahədəki işin əlaqələndirilməsi üzrə Komissiya"nın iclasında bildirilib.
2025-ci il üçün təsdiqlənmiş əmək miqrasiyası kvotasından istifadə vəziyyətinin nəzərdən keçirildiyi iclasda 2026-cı il üçün hazırlanmış əmək miqrasiyası kvotasına dair təkliflər aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət Komissiya üzvləri ilə birgə müzakirə edilib.
A.Əliyev qeyd edib ki, işəgötürənlərin müasir peşə və ixtisaslara malik işçilərə olan tələbləri, habelə ölkə iqtisadiyyatında yaranan çoxsahəlilik, ixtisaslı işçi qüvvəsi ilə bağlı təhlillər, əmək bazarı ilə bağlı proqnozlar əsasında gələn il üçün əmək miqrasiyası kvotasına dair təkliflər hazırlanıb.
Bildirilib ki, əmək bazarına daxil olan ixtisaslı kadrların sayı hər il artır, eyni zamanda işçi qüvvəsinin bacarıqlarının və rəqabətədavamlılığının artırılması üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bu baxımdan, ölkə iqtisadiyyatının işçi qüvvəsinə olan tələbatının yerli əmək ehtiyatları hesabına ödənilməsi prinsipi əsas götürülür.
Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən geniş tikinti-quruculuq işləri ilə yanaşı, son illərdə bərpa olunan enerji istehsalı ilə bağlı yeni layihələrin icrası yüksək ixtisaslı mütəxəssislərə tələbatı artırır.