Basqalda kəlağayının geniş istehsalının bərpası gözlənilir
- 18 noyabr, 2025
- 16:20
Basqalın ənənəvi kəlağayıçılıq sənətində gündəlik istehsal həcmi son illər əhəmiyyətli dərəcədə azalıb.
Bunu "Report"un Basqala ezam olunmuş müxbirinə basqallı sənətkar Ələsgər Xəlilov bildirib.
Onun sözlərinə görə, hazırda kəlağayı hazırlayan ustaların sayı çox az olduğundan istehsal həcmi də məhdud qalır:
"Gündə 10-15 kəlağayı hazırlayırıq, gücümüz çatsa daha çox edərik. Gün olur 10 dənə, gün olur 15 dənə. Bizə yalnız işçi qüvvəsi lazımdır".
Ə. Xəlilov deyib ki, əvvəllər Basqalda böyük istehsal sexi fəaliyyət göstərib və burada yüzlərlə insan çalışıb:
"Əvvəllər burada sex var idi, gündə 1 000 kəlağayı hazırlanırdı. Burda 200-300 nəfər işləyirdi. O sex ləğv ediləndən sonra istehsal azaldı".
Sənətkarın sözlərinə görə, hazırda kəlağayıçılıq əsasən fərdi ustaların səyi ilə yaşadılır və istehsalın genişləndirilməsi üçün dəstək mexanizmlərinə ehtiyac var.
O bildirib ki, təmiz ipəkdən hazırlanan kəlağayıların qiyməti ölçüsündən asılı olaraq dəyişir:
"Kəlağayıların ən ucuz ipək variantı 28-30 manatdan başlayır. Ölçü və işləmə artdıqca qiymət də yüksəlir. Bazarda 15-20 manata satılan sintetik və qarışıq məhsullar var, amma onların kəlağayı ilə heç bir əlaqəsi yoxdur, dəyərsizdir", - deyə sənətkar vurğulayıb.
Kəlağayı istehsalı üzrə sexin fəaliyyətinin bərpası ilə bağlı Dövlət Turizm Agentliyi yanında Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli isə "Report"a bildirib ki, Basqaldakı köhnə məktəb binası hazırda sənətkarlıq mərkəzi və qonaq evi kimi bərpa olunur: "Layihə tamamlandıqdan sonra həmin binada yenidən sex fəaliyyət göstərəcək və ustalar burada kəlağayı hazırlayacaqlar".
O əlavə edib ki, sex uzun müddət əvvəl fəaliyyətini dayandırıb.