Şirvan şəhəri, Neftçala və Qobustan rayonlarında 29 mindən çox uşaq tibbi müayinələrdən keçirilib
- 21 noyabr, 2025
- 16:27
Cari ilin yanvar-oktyabr ayları ərzində Şirvan şəhərində, Neftçala və Qobustan rayonlarında 29 034 uşaq icbari dispanserizasiyaya cəlb olunub.
Bu barədə "Report"a TƏBİB-dən məlumat verilib.
Bildirilib ki, Neftçala Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti 15 500, Şirvan Şəhər Mərkəzi Xəstəxanasının tibb heyəti 11 816 nəfər, Qobustan Rayon Mərkəzi Xəstəxanasının tibb heyəti isə 1 718 uşağı müayinə edib.
Xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib. Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlanması tövsiyə olunub.
Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir. İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır. İcbari dispanserizasiya zamanı uşaqlara illik profilaktik baxış həyata keçirilir. İcbari dispanserizasiya çərçivəsində uşaqlar hər il bir və ya bir neçə ixtisas üzrə mütəxəssislər (pediatr, stomatoloq, nevroloq, cərrah, endokrinoloq, uroloq, oftalmoloq, otorinolarinqoloq, dermatoloq və digər mütəxəssislər) tərəfindən diaqnostik və laborator müayinələrə cəlb edilir.