Malayziya nümayəndəsi: Süni intellekt auditoriya üçün doğru narrativi formalaşdırmağa kömək edir
- 21 noyabr, 2025
- 17:14
Süni intellekt doğru və dəqiq narrativi auditoriyaya çatdırmağa kömək edir.
"Report"un məlumatına görə, bu barədə Malayziyanın Milli İnformasiya Agentliyinin (BERNAMA) kommersiya departamentinin rəhbəri Mastura Hassan Bakıda keçirilən D-8 Media Forumunda bildirib.
Onun sözlərinə görə, BERNAMA təkcə dövlət qurumları ilə deyil, həm də korporativ sektorla fəal şəkildə əməkdaşlıq edərək şirkətlərin imicini formalaşdırmağa və onların fəaliyyətinin düzgün başa düşülməsini təmin etməyə kömək edir. Eyni zamanda, süni intellekt müasir auditoriya ilə işdə əsas alətlərdən birinə çevrilib.
M.Hassan qeyd edib ki, bu gün hədəf auditoriyasının əhəmiyyətli hissəsini qısa, vizual və asanlıqla qavranılan kontenti üstün tutan gənc insanlar təşkil edir: "Buna görə də video və vizual məhsullar daxil olmaqla, promo məhsulların hazırlanmasında süni intellektdən istifadə edirik".
Bununla yanaşı, BERNAMA-nın nümayəndəsi xatırladıb ki, müasir texnologiyalar jurnalistikanın əsas peşəkar prinsiplərini aradan qaldırmır: "Faktların yoxlanılması həlledici əhəmiyyətə malikdir. Məlumatın lazımi auditoriyaya çatması və narrativin aydın qalması üçün sürət, dəqiqlik və şəffaflıq vacibdir".