Gəncədə icbari tibbi sığorta sisteminin işləmə prinsipləri ilə bağlı təlim keçirilib
- 27 noyabr, 2025
- 16:04
Gəncə şəhərində media nümayəndələri üçün "İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili" mövzusunda təlim keçirilib.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşəbbüsü ilə keçirilən təlimin məqsədi icbari tibbi sığorta sistemi və tibbi xidmətlərin xəstəxanalarda təşkili barədə yazan jurnalistlərin bu sahədə daha dolğun məlumatlandırılması, əməkdaşlığın gücləndirilməsi və görülən işlərin media vasitəsilə ictimaiyyətə düzgün çatdırılması olub.
Agentliyin Tibbi planlama departamentinin rəhbəri Hikmət İbrahimli icbari tibbi sığortanın tətbiqindəki məqsədlər barədə danışıb:
"İxtisaslaşdırılmış tibbi xidmətlərin Xidmətlər Zərfi ilə əhatə olunması vətəndaşların daha geniş spektrdə xidmətlərdən yararlanmasına imkan verir. Bu gün sığorta mexanizmi tibb müəssisələrində xidmət keyfiyyətinin yüksəldilməsinə, həkimlərin peşəkar inkişafına və vətəndaşın vaxtında, əlavə maliyyə yükü olmadan müalicə almasına şərait yaradır".
Agentliyin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova bildirib ki, jurnalistlərin maarifləndirmə prosesində rolu təkcə məlumat ötürməkdən ibarət deyil, həm də ictimai etimadın formalaşdırılması baxımından əhəmiyyət daşıyır.
TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova TƏBİB-in xidmət əlçatanlığının artırılması və keyfiyyətin yüksəldilməsi üçün həyata keçirdiyi bir sıra layihələrdən danışıb.
Təlimdə həmçinin vətəndaşların ixtisaslaşmış tibbi xidmətlərə yönləndirilməsində göndəriş sisteminin düzgün tətbiqinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, göndəriş mexanizmi yalnız xəstənin ixtisaslaşmış xidmətdən istifadəsini təmin etmir, eyni zamanda tibbi resursların səmərəli bölüşdürülməsi və sistem üzrə vahid qərarvermənin formalaşmasına xidmət edir.
Eyni zamanda diqqətə çatdırılıb ki, bu ilin ilk üç rübündə 147 tibb müəssisəsi üzrə 699 monitorinq aparılıb. Monitorinqlər əsasən vətəndaşların tibb müəssisələrinə qəbulu və qeydiyyatının təşkili, laboratoriya xidmətlərinin fəaliyyəti, eləcə də sığorta çərçivəsində tibbi xidmətlər üçün göndəriş vərəqələrinin verilməsi prosesinin düzgün icrası istiqamətlərini əhatə edib.
Təlim sual-cavab sessiyası ilə yekunlaşıb.