Naxçıvanda "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib
- 28 noyabr, 2025
- 22:05
Naxçıvan şəhər məktəblərində AFFA-nın dəstəyi ilə keçirilən UEFA-nın "HatTrick" proqramı çərçivəsində "Məktəblərdə Futbol Dərsi" layihəsinə start verilib.
"Report" xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi, Naxçıvan Futbol Federasiyasının rəsmilərinin, məktəb direktorları və idman müəllimlərinin iştirakı ilə Naxçıvan şəhərində yerləşən 5, 12 və 14 saylı tam orta məktəblərdə şagirdlərlə görüşlər təşkil olunub.
Görüş zamanı AFFA-nın layihəsi haqqında məlumat verilib, Naxçıvan Futbol Federasiyasında bundan sonra da futbolun kütləviliyi üçün müvafiq işlərin görüləcəyi bildirilib.
Daha sonra hər bir şagirdə AFFA tərəfindən göndərilən idman geyimləri və futbol dərslərinin yüksək səviyyədə keçirilməsi məqsədilə əyani vəsait təqdim olunub.
Qeyd edək ki, layihə Naxçıvan şəhərinin 10 məktəbində həyata keçiriləcək.