Zelenski nazirlərin "çağırışlara uyğunluğu"nu yoxlamağı tapşırıb
- 28 noyabr, 2025
- 22:00
Ukrayna Prezidenti Volodimir Zelenski hazırkı nazirlərin "çağırışlara uyğunluğu"nu qiymətləndirməyi tapşırıb.
"Report"un məlumatına görə, Zelenski bu barədə "Telegram" kanalındakı axşam müraciətində danışıb.
"Hazırkı nazirlər elə qiymətləndirilməlidir ki, tam aydın nəticə çıxarılsın – mövcud məmurlar həm bu qışın, həm də bu müharibənin çağırışlarına cavab verirlərmi", – deyə Ukrayna lideri bildirib.
Bundan əlavə, o, energetika və ədliyyə naziri vəzifələrinə namizədləri, həmçinin 2026-cı il dövlət büdcəsinin qəbulunu gözlədiyini vurğulayıb.
Daha əvvəl Zelenski Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermakın istefasını qəbul edib. Bununla yanaşı, Ukrayna Prezidenti öz administrasiyasının tam yenilənəcəyini elan edib. O, noyabrın 29-da PA-ya rəhbərlik edə biləcək şəxslərlə məsləhətləşmələr aparacağını bildirib.