Agentlik rəsmisi: İlin ilk 10 ayında tibbi xidmətlərin sayında artım müşahidə olunub
- 27 noyabr, 2025
- 14:59
Bu ilin 10 ayında (yanvar-oktyabr) Azərbaycanda tibbi xidmətlərin sayında artım müşahidə olunub.
"Report"un Gəncəyə ezam olunan əməkdaşı xəbər verir ki, bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Aynurə Əhmədova "İcbari tibbi sığorta sisteminin işləmə prinsipləri və tibbi xidmətlərin təşkili" mövzusunda keçirilən təlimdə məlumat verib.
Onun sözlərinə görə, həmin müddətdə 77 milyon 774 min 522 tibbi xidmət göstərilib:
"Bu da ötən illə müqayisədə 12 faiz artım deməkdir. Belə ki, ötən ilin eyni dövründə bu say 69 milyon 596 min 850 olub. Ümumi göstəricilər isə əhalinin 50%-nin icbari tibbi sığortadan yararlandığını göstərir".
Agentlik rəsmisi əlavə edib ki, ötən ilin ilk 10 ayı ilə müqayisədə bu ilin eyni dövründə həm əməliyyatların, həm də prosedurların sayında 5 % artım olub:
"Dövlət tibb müəssisələrində ən çox icra olunan əməliyyatlara əsasən ginekoloji, uroloji və oftomoloji əməliyyatlar aiddir. Əməliyyatların ən çox icra olunduğu tibb müəssisələri arasında Sabunçu Tibb Mərkəzi, Sumqayıt Tibb Mərkəzi, Yeni Klinika, Gəncə Birləşmiş Şəhər Xəstəxanası və Mərkəzi Neftçilər Xəstəxanası yer alır".