"AFEN Plaza"dakı partlayışda xəsarət alanlardan birinin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşdirilib

Sağlamlıq
  • 26 noyabr, 2025
  • 12:59
AFEN Plazadakı partlayışda xəsarət alanlardan birinin vəziyyəti pisləşib, yenidən xəstəxanaya yerləşdirilib

Bakıda "AFEN Plaza"da partlayış baş verən obyektdə xəsarət alanlardan birinin vəziyyəti yenidən pisləşib, Kliniki Tibbi Mərkəzin Neyrocərrahiyyə şöbəsinə yerləşdirilib.

Bu barədə "Report"un sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, bundan əvvəl ambulator müalicə üçün evə buraxılan şəxsin vəziyyəti stabil olaraq qiymətləndirilir:

"Obyektdə partlayış baş verməsi səbəbindən Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunan beş nəfərdən (ikisi kişi, üçü qadın) üçünə zəruri tibbi yardım göstərildikən sonra ambulator müalicə üçün evə buraxılıblar. Bir nəfər isə Nərimanov Tibb Mərkəzinin nəzdində olan Yanıq Mərkəzinə təxliyə edilib. Müalicəsi tibb müəssisəsində davam etdirilən şəxsin vəziyyəti orta ağır olaraq qiymətləndirilir".

Xatırladaq ki, noyabrın 24-ü saat 09:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsində obyektdə partlayış baş verib. Nəticədə beş nəfər xəsarət alaraq Kliniki Tibbi Mərkəzə hospitalizasiya olunub. Onlardan bir kişi termiki yanıq, dörd nəfərə isə (biri kişi, üçü qadın) bədənin müxtəlif nahiyələrinin müştərək travmaları diaqnozu təyin olunub.

Son xəbərlər

Bütün Xəbər Lenti