Tahsin Ertuğruloğlu: Kiprdə iki suveren dövlətin mövcudluğu beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməlidir
- 28 noyabr, 2025
- 11:16
Kiprdə iki suveren və bərabər dövlətin mövcud olduğu danılmaz bir həqiqətdir və bu reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməlidir.
"Report" xəbər verir ki, bunu Şimali Kipr Türk Respublikasının xarici işlər naziri Tahsin Ertuğruloğlu Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında deyib.
"Biz Türk Dövlətləri Təşkilatı daxilində əməkdaşlığımıza böyük önəm veririk və bizə göstərilən həmrəyliyə görə minnətdarıq".
O qeyd edib ki, türk mənşəli xalqlar üçün media və informasiya abstrakt mövzular deyil:
"Onlar bizim kollektiv yaddaşımızla və mübarizəmizlə dərin bağlıdır. 1960–1970-ci illərdə yunan kiprlilər tərəfindən xalqımıza qarşı törədilən vəhşiliklər zamanı və bütün kommunikasiya kanalları kəsildikdə tariximizi formalaşdıran cəsarətli bir addım atıldı. 1963-cü ildə bir qrup fədakar türk kiprlisi Bayrak Radiosunu qurdu. Var olmağımızın təhlükə altında olduğu bir dövrdə həmin ilk yayımlar xalqımıza güc, birlik və təsəlli verdi".
XİN rəhbəri vurğulayıb ki, onlar adada suveren bərabərlik və bərabər beynəlxalq statusa əsaslanan real bir razılaşma üçün çalışmaqda davam edirlər:
"Çünki ada üzərində iki suveren və bərabər dövlətin mövcud olduğu danılmaz bir həqiqətdir və bu reallıq beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməlidir. Bu isə həm adamız, həm də bölgəmiz üçün sabit və davamlı bir gələcək qurmağın yeganə mümkün və ədalətli əsasını təşkil edir".