Nazir müavini: TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir

Xarici siyasət
  • 28 noyabr, 2025
  • 12:16
Nazir müavini: TDT ölkələri media sahəsində əməkdaşlığı dərinləşdirməlidir

Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) ölkələri arasında mədəniyyət və informasiya sahəsində əməkdaşlığın möhkəmləndirilməsini hədəfləyib.

"Report" xəbər verir ki, bunu Qazaxıstanın mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Türk Dövlətləri Təşkilatının Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında jurnalistlərə bildirib.

"Xalqlarımızın bir-birini daha yaxından tanımasının mühüm vasitələrindən biri birgə informasiya, media və mədəniyyət sahəsində layihələrin yaradılmasıdır. Bunlar ölkələrimizin müxtəlif millətləri, xalqları, mədəniyyətləri, ortaq adət-ənənələri, həmçinin görməli yerləri, turizm və mədəni obyektləri haqqında seriallardır", - o vurğulayıb.

Nazir müavininin sözlərinə görə, türk dillərində animasiya layihələrinin yaradılmasına xüsusi diqqət yetirilir. Bu, türkdilli məkanın birliyini, qardaşlıq əlaqələrini və ümumi tarixi kökləri yetişən nəslə nümayiş etdirmək nöqteyi-nəzərindən əhəmiyyət kəsb edir.

İskakov bildirib ki, Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyi TDT ölkələrinin informasiya və media orqanları nazirlərinin növbəti sammitinin Astana şəhərində keçirilməsini təklif edib.

"Burada biz təkcə ümumi məsələləri müzakirə etməyi deyil, həm də türkdilli ölkələrimizin media təşkilatlarının rəhbərlərini dəvət etməyi planlaşdırırıq. Məqsəd konkret layihələrin müzakirəsi və bağlanması, təcrübə və məzmun mübadiləsin aparılması, həmçinin feyk xəbərlərə və etibarsız məlumatlara qarşı mübarizə üçün ümumi gündəm formalaşdırmaqdır", - o izah edib.

Nazir müavini vurğulayıb ki, TDT-nin üzv dövlətləri səviyyəsində səmərəli əməkdaşlıq qurulub, lakin media təşkilatları, telekanallar və informasiya agentlikləri səviyyəsində analoji qarşılıqlı əlaqələri inkişaf etdirmək vacibdir.

Son xəbərlər

Bütün Xəbər Lenti