TDT çərçivəsində ortaq seriallar və uşaq kontenti yaradıla bilər
- 28 noyabr, 2025
- 12:18
Qazaxıstan Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində media əməkdaşlığının genişləndirilməsi üçün bir sıra təşəbbüslər irəli sürüb.
"Report"un məlumatına görə, bu barədə Qazaxıstan mədəniyyət və informasiya nazirinin müavini Kanat İskakov Bakıda keçirilən TDT-nin Media və İnformasiya üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 7-ci toplantısında bəyan edib.
K.İskakovun sözlərinə görə, əsas addım Təşkilata üzvü ölkələrin teleməhsullarına çıxışın genişləndirilməsi olmalıdır.
O, həmçinin milli televiziya kanallarının qarşılıqlı yayımının mümkün qədər geniş auditoriya üçün təmin edilməsinin vacibliyini vurğulayıb: "Kontent mübadiləsi olmadan və ölkələrimizdə televiziya kanalları yayımlanmadan əməkdaşlıq səmərəli olmayacaq. Biz bunu aydın başa düşməli və bu istiqamətdə irəliləməliyik".
Nazir müavinin sözlərinə görə, ikinci təşəbbüs birgə kontent istehsalının artırılması olmalıdır: "Bura bədii seriallar, sənədli layihələr, həmçinin TDT ölkələrinin turizm, mədəniyyət və investisiya imkanları haqqında proqramlar daxildir".
K.İskakov üçüncü prioritet kimi türk dillərində keyfiyyətli uşaq kontentinin yaradılması üzrə dövlətlərarası layihələrin işə salınmasını qeyd edib. Onun qənaətincə, bu, yeni nəslin mədəni inkişafına töhfə verəcək.
"Animasiya istehsalı olmadan və uşaqları cəlb etmədən xalqlarımız bir-birini tam şəkildə tanımayacaqlar. Uşaq kontenti ümumi işimizin prioriteti olmalıdır", - o bəyan edib.
K.İskakov, həmçinin rəqəmsal mühitdə və süni intellektin aktiv tətbiqi dövründə jurnalistika standartlarına dair razılaşdırılmış yanaşmaların hazırlanmasının vacibliyini qeyd edib: "Bəzi proqram məhsullarında ölkələrimiz haqqında yanlış məlumat və ya dezinformasiya ilə rastlaşmaq olar. Biz birlikdə həm süni intellektə əsaslanan platformalar, həm də jurnalistlər üçün yanaşmalar hazırlamalıyıq".
O əlavə edib ki, beşinci istiqamət media istehsalında süni intellekt tətbiqinin koordinasiyası olacaq.
K.İskakov izah edib ki, süni intellektin istifadə etikası, məlumatların qorunması və manipulyasiyalarla mübarizə üzrə vahid tövsiyələrin işlənib hazırlanması vacibdir: "İnsanların onun mənşəyini anlamaları və onu ənənəvi istehsal məhsulu kimi qəbul etməmələri üçün süni intellekt kontentini vurğulamalıyıq".