Paşinyan: Azərbaycanla sülh Ermənistana turist axınının artmasına səbəb olub
- 04 dekabr, 2025
- 15:29
Ermənistan Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) daxil olmağa maraq göstərib, həmçinin Çinlə əlaqələri dərinləşdirmək istəyir.
"Report"un Ermənistan KİV-inə istinadən məlumatına görə, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycanla sülh prosesində irəliləyiş Ermənistanın investisiya cəlbediciliyinin artmasına və turizm sektorunun inkişafına töhfə verib.
"ABŞ-də sənədlərin imzalanmasından sonra (Vaşinqton razılaşmaları -red.) Ermənistana investisiya marağı artıb. Biz Avropa İttifaqının (Aİ) iştirakı ilə, o cümlədən TRIPP layihəsi çərçivəsində infrastruktur layihələrinin həyata keçirilməsində maraqlıyıq", - o qeyd edib.
N.Paşinyan vurğulayıb ki, Aİ-nin vəd etdiyi 2,6 milyard avrodan 500 milyondan çoxu artıq ayrılıb: "Biz TRIPP layihəsinin həyata keçirilməsində müsbət irəliləyişə nail oluruq və layihə təyin etdiyimiz müddətlərdə həyata keçiriləcək".
O əlavə edib ki, Aİ-nin genişlənmə məsələləri üzrə komissarı Marta Kosun Ermənistanın elektrik şəbəkələrinin Gürcüstan və Türkiyə şəbəkələrinə qoşulmasında İrəvana yardım etməyə hazır olması ilə bağlı bəyanatı elektrik enerjisinin idxalı və ixracı üzrə konkret proqrama aiddir. Eyni zamanda, "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin gələcək idarəçiliyi məsələsinə toxunmur.