Mirzoyan: TRIPP layihəsi üzrə dəmir yolu infrastrukturunun inşası iki ildən çox çəkə bilər
- 03 oktyabr, 2025
- 10:55

"Tramp Marşrutu" (TRIPP) layihəsi çərçivəsində dəmir yolu infrastrukturunun yaradılması iki ildən çox çəkə bilər.
"Report" xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Polşanın "TVP World" telekanalına müsahibəsində bildirib.
XİN rəhbərinin sözlərinə görə, hazırda Ermənistan TRIPP layihəsi çərçivəsində tikinti işlərinə başlamaq üçün ABŞ tərəfi ilə danışıqlar aparır.
"Biz (Ermənistan və ABŞ - red.) əsas prinsipləri razılaşdırdıq. İndi ABŞ-dən bir nümayəndə heyəti və ya qrupla birlikdə keçidin texniki həllərini, texniki detallarını və s. razılaşdırmalıyıq. Artıq amerikalı tərəfdaşlarımızla danışıqlara başlamışıq. Düşünürəm ki, bu prosesi növbəti aylarda başa çatdıra biləcəyik və sonra tikintiyə başlamaq mümkün olacaq. Dəmir yolu əlaqəsinə gəlincə, ekspertlərin qiymətləndirməsinə görə, onun tikintisi azı iki il çəkə bilər", - nazir bildirib.
A.Mirzoyan qeyd edib ki, Ermənistan Azərbaycanla əlaqələrin tez bir zamanda açılmasında, bərpa olunmasında maraqlıdır: "Çünki biz də məsələn, Azərbaycannın infrastrukturundan və ərazisindən istifadə edərək yüklər göndərə və qəbul edə biləcəyik".
O vurğulayıb ki, Azərbaycanla kommunikasiyaların açılması Ermənistanın şimalını cənubla əlaqələndirməyə imkan verəcək: "Biz, həmçinin Ermənistanın şimal və cənubu arasında dəmir yolu əlaqəsi üçün Azərbaycanın Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə etməyi planlaşdırırıq. Hazırda belə dəmir yolu əlaqəsi mövcud deyil".