MDB ölkələrinin prokurorları qanunsuz miqrasiya ilə mübarizədə əməkdaşlıq edəcəklər
- 21 oktyabr, 2025
- 15:24

MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının iştirakçıları Düşənbədə (Tacikistan) qanunsuz miqrasiyaya qarşı mübarizədə əməkdaşlıq haqqında saziş imzalayıblar.
"Report" xəbər verir ki, bu barədə Rusiyanın Baş Prokurorluğu məlumat yayıb.
Qurumdan qeyd edilib ki, bu, son 15 ildə MDB-yə üzv dövlətlərin Baş prokurorlarının ilk çoxtərəfli sazişidir.
İclasın iştirakçıları qeyd ediblər ki, qeyri-qanuni miqrasiya milli və ictimai təhlükəsizliyə, iqtisadi sabitliyə təhdid yaradır, milli və beynəlxalq terror və ekstremist təşkilatların, mütəşəkkil cinayətkar qrupların fəaliyyəti üçün imkanları genişləndirir və ümumilikdə sosial və kriminogen vəziyyəti mürəkkəbləşdirir.
Məlumata görə, MDB ölkələri Baş Prokurorlar Şurasının növbəti 36-cı iclası Kazanda (Rusiya) keçiriləcək.
Düşənbədə keçirilən şura iclasında Ermənistan, Belarus, Qırğızıstan, Tacikistan, Özbəkistan, Rusiyanın müvafiq orqanlarının rəhbərləri, Azərbaycan, Qazaxıstan, Türkmənistanın baş prokurorlarının müavinləri iştirak ediblər.