Gürcüstan dövlət ali təhsil müəssisələrinə xarici tələbələrin qəbuluna qadağa qoyacaq
- 04 dekabr, 2025
- 13:31
Gürcüstan növbəti ildən dövlət ali təhsil müəssisələrinə xarici tələbələrin qəbuluna qadağa qoyacaq.
"Report" Gürcüstan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin təhsil naziri Givi Mikanadze deyib.
Nazir əlavə edib ki, bu qadağa özəl universitetlərə şamil olunmur, onlar bu barədə qərarı könüllü şəkildə qəbul edə bilərlər.
"Dövlət ali təhsil müəssisələri dövlətin maraqlarına tabe olmalıdır. Özəl universitetlər öz işlərini adi rejimdə davam edirlər və xarici tələbələri qəbul edə biləcəklər. Lakin dövlət universitetləri növbəti ildən xarici tələbələri qəbul edə bilməyəcəklər", - G.Mikanadze bildirib.
Qeyd edək ki, 2024/25 təhsil ilində Gürcüstan ali məktəblərində təhsil alan tələbələrin sayı rekord sayda - 187,8 min nəfərə çatıb. Onlardan 37,1 minini xarici tələbələr təşkil edir, bu da əvvəlki illə müqayisədə 21% çoxdur.