Ermənistan İstintaq Komitəsi II Qareginin adı çəkilən səs yazısı əsasında cinayət işi açıb
- 17 oktyabr, 2025
- 23:30

Ermənistanın İstintaq Komitəsi (İK) arxiyepiskop Natan Ovannisyan və keçmiş yepiskop Aqan Yerncakyanın telefon danışığının yayımlanmasından sonra cinayət işi açıb.
"Report" xəbər verir ki, bu barədə yerli KİV İK-nın mətbuat xidmətinə istinadən məlumat yayıb.
Məlumata görə, 2023-ci ilin oktyabrında qeydə alındığı güman edilən və bütün ermənilərin katolikosu II Qareginin adı çəkilən yazıda Yerncakyan iddia edirdi ki, onu və anasını baş nazir Nikol Paşinyana qarşı etiraz aksiyalarında iştirak etməyə məcbur ediblər.
Məlumatın sızmasından sonra prokurorluq yoxlamaya başlayıb və daha sonra İstintaq Komitəsi Ermənistanın Cinayət Məcəlləsinin 236-cı maddəsinin 3-cü hissəsi ilə ("hakimiyyət və ya xidməti səlahiyyətlərdən, yaxud bunlardan irəli gələn təsirdən istifadə etməklə toplantının keçirilməsinə və ya iştirakına maneçilik törətmə və ya məcbur etmə, eləcə də toplantıda iştirak etməyə və ya iştirakdan imtina etməyə maddi stimullaşdırma") cinayət işi açıb.