KİV: Yəmənin şərqində münaqişə tərəfləri atəşkəs barədə razılığa gəliblər

Digər ölkələr
  • 04 dekabr, 2025
  • 03:26
KİV: Yəmənin şərqində münaqişə tərəfləri atəşkəs barədə razılığa gəliblər

Yəmənin şərqində yerləşən ən böyük vilayət olan Hədrəmaut hakimiyyəti və Hədrəmaut Tayfalar Alyansının nümayəndələri Səudiyyə Ərəbistanının vasitəçiliyi ilə atəşkəs barədə çərçivə sazişi imzalayıb.

"Report" xəbər verir ki, bu barədə Yəmənin "Al Mashhad News" portalı məlumat yayıb.

Məlumata görə, dekabrın 3-ü axşam saatlarında vilayətin qubernatoru Salem Əhməd əl-Xanbaşi və onun müavini, Hədrəmaut Tayfalar Alyansının sədri Amr bin Xəbriş sənədi bölgənin inzibati mərkəzi olan əl-Mükəlla şəhərində imzalayıblar.

Çərçivə sazişi 13 maddədən ibarətdir və döyüşlərin dərhal dayandırılmasını, sülh rejiminin qorunmasını, yekun razılaşmaya nail olmaq məqsədilə gərginliyin azaldılması tədbirlərini nəzərdə tutur.

Hədrəmaut Müdafiə Qüvvələri adlanan və Xəbrişə tabe olan silahlılar 4 dekabr saat 08:00-dan (Bakı vaxtı ilə 09:00) etibarən "PetroMasila" neft şirkətinin obyektlərindən bir kilometr geri çəkilməlidirlər. Həmçinin şirkət əməkdaşlarının işə qayıtması və əməliyyat fəaliyyətinin bərpası nəzərdə tutulur. Neft obyektlərinin mühafizəsi tayfa strukturlarının nümayəndələrinin daxil olduğu birləşmiş qüvvələrə həvalə ediləcək.

Çərşənbə günü respublikanın cənubunda, o cümlədən Hədrəmaut vilayətinin böyük hissəsində nəzarəti əlində saxlayan Cənub Keçid Şurası (CKŞ) bölgənin "vadiyə və vilayətə yad qüvvələr tərəfindən istismarının qarşısını almaq" məqsədilə təhlükəsizliyin bərpası üzrə əməliyyata başladığını elan edib. Şuranın bəyanatında vurğulanıb ki, vadi "terrorçu husilərə sərfəli qaçaqmalçılıq meydanına çevrilib və İŞİD, "Əl-Qaidə" kimi ekstremist qrupların yuvasına dönüb".

BƏƏ-nin "The National" qəzeti yazıb ki, CKŞ-nin əməliyyatı Hədrəmaut Tayfalar Alyansının üsyanını yatırmağa yönəlib. Alyans qüvvələri ötən həftə bölgənin neft yataqlarına nəzarəti ələ keçirərək daha güclü nəzarət və enerji resurslarının satışından paylarının artırılmasını tələb etmişdilər. Qətərin "Al Jazeera" telekanalı isə mənbələrə istinadən bildirib ki, CKŞ döyüşçüləri hökumət qoşunları ilə toqquşub. Onlar Seyyun şəhərinə daxil olaraq bir sıra inzibati binaları və hava limanını nəzarətə götürə biliblər.

Son xəbərlər

Bütün Xəbər Lenti