II Azərbaycan-Özbəkistan Media Forumunda etik məsuliyyət mövzusunda müzakirələr aparılıb
- 30 sentyabr, 2025
- 14:26

II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində "Rəqəmsal informasiya mühitində etik məsuliyyət" mövzusunda panel müzakirəsi aparılıb.
"Report" xəbər verir ki, müzakirə zamanı iştirakçılar informasiya məkanının rəqəmsallaşması şəraitində peşə etikası, jurnalistlərin və media şirkətlərinin məsuliyyəti ilə bağlı məsələləri, eləcə də dezinformasiya ilə mübarizə üsullarını və auditoriyanın etimadının artırılması metodlarını müzakirə ediblər.
AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva vurğulayıb ki, informasiya manipulyasiyası, kontekstdən sitatların çıxarılması və emosional başlıqlar məzmunun keyfiyyətini azaldır və mediaya inamı sarsıdır:
"Jurnalistlərin etik məsuliyyəti hətta şəxsi fikir tələb etməyən janrlarda belə həqiqəti çatdırmaqdır. Xüsusilə ölkələrimizdə cərəyan edən proseslər barədə məlumatlılığı artırmaq və hadisələri düzgün işıqlandırmaq üçün Azərbaycan və Özbəkistan jurnalistləri və media strukturları arasında əlaqələri aktivləşdirmək vacibdir".
Kütləvi İnformasiya Vasitələri Fondunun Himayədarlar Şurasının sədri Akramjon Fozilov qeyd edib ki, rəqəmsal mühit müasir həyatın ayrılmaz hissəsinə çevrilib və ünsiyyət, iş, təhsil və əyləncəni əhatə edir. O, internetdə dezinformasiya, kiberbullinq, trollinq və "deepfake" texnologiyalarının istifadəsi də daxil olmaqla təhlükələrin artdığını qeyd edib. Bu təhdidlər təkcə adi istifadəçilərə deyil, həm də biznes və dövlət qurumlarına təsir göstərərək cəmiyyətin etimadını və ictimai dialoqun təhlükəsizliyini riskə atır.
"O'zbekiston 24" Yaradıcılıq Birliyinin direktor müavini və "O'zbekiston 24" televiziya və radio stansiyasının baş prodüseri Haydar Hasanov qeyd edib ki, sonsuz informasiya axını şəraitində məhz auditoriyanın etimadı KİV üçün ən vacib "valyuta"ya çevrilir, səs-küylü başlıqlar isə heç də həmişə etibarlılığı təmin etmir.