D-8 ölkələrinin media sahəsində əməkdaşlığının genişləndirilməsi üzrə Bakı Bəyannaməsi qəbul edilib
- 21 noyabr, 2025
- 16:25
D-8 ölkələrinin media sahəsində əməkdaşlığının genişləndirilməsi üzrə Bakı Bəyannaməsi qəbul olunub.
"Report"un məlumatına görə, sənəd Bakıda "Dialoqun, əməkdaşlığın və regional həmrəyliyin təşviq edilməsi" mövzusunda keçirilən D-8 Media Forumu çərçivəsində qəbul edilib.
Bəyannamədə iştirakçılar Azərbaycan Prezidenti İlham Əliyevə D-8-in möhkəmləndirilməsində liderliyi və töhfələrinə görə minnətdarlıq ifadə edib, həmçinin bütün üzv dövlətlərin, xüsusilə də informasiya nazirliklərinin, milli media orqanlarının və agentliklərinin fəal iştirakını qeyd ediblər.
Sənəd D-8 ölkələri arasında qarşılıqlı anlaşma, regional həmrəylik və birgə inkişaf məqsədlərinin təşviqi üçün media əməkdaşlığının gücləndirilməsi öhdəliyini təsbit edir.
Bəyannamənin əsas müddəaları bunlardır: D-8 Media Forumunun rotasiya prinsipi ilə keçirilən illik platforma kimi institusionallaşdırılması; təlim, tədqiqat, rəqəmsal inkişaf və kommunikasiya təşəbbüslərinin əlaqələndirilməsi üçün Azərbaycanda D-8 Media Mükəmməllik Mərkəzinin tezliklə açılması; D-8 ölkələrinin kadr potensialının möhkəmləndirilməsi üçün mübadilə proqramlarının, master-klasların və peşəkar təcrübələrin inkişafı; milli media, informasiya agentlikləri və ictimai yayımçılar arasında əməkdaşlığın genişləndirilməsi; birgə kontent istehsalı üçün rəqəmsal platformaların yaradılması; ümumi faktların yoxlanılması mexanizmlərindən istifadə etməklə dezinformasiya və nifrət təbliğatına qarşı mübarizə; rəqəmsal risklərə davamlılığı artırmaq üçün media subyektləri və tədqiqat mərkəzləri ilə beynəlxalq əməkdaşlığın gücləndirilməsi.
Bəyannamənin mətnini "AnewZ"in baş redaktoru Qay Şon oxuyub.