Maliyyə naziri: "Gələn il kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 %-i ərzaq təhlükəsizliyi üçündür"
- 19 noyabr, 2025
- 12:20
2026-cı ildə Azərbaycanda dövlət büdcəsindən kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 %-i və yaxud 513 milyon manatı ərzaq təhlükəsizliyinə yönəldiləcək.
"Report" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar iclasında "2026-cı il dövlət büdcəsi haqqında" qanun layihəsinin I oxunuşda müzakirəsində bildirib.
Onun sözlərinə görə, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin maliyyə təminatı üçün növbəti ilin dövlət büdcəsində 1,2 milyard manat vəsait ayrılacaq: "Aqrar sektora gələn il üçün ayırmalar proqnozlaşdırılan aqrar ÜDM-in 15 %-nə çatacaq. Kənd təsərrüfatına ayrılacaq vəsaitin 42 %-i subsidiyalara, kənd təsərrüfatı texnikası və avadanlıqlarına, habelə suvarma sistemlərinə güzəştlərə yönəldiləcək. Kənd təsərrüfatı xərclərinin 40 %-i və yaxud 490 milyon manatı torpaqların meliorativ vəziyyətinin yaxşılaşdırılması, 18 %-i və yaxud 219 milyon manatı isə baytarlıq və digər kənd təsərrüfatı tədbirləri üçün nəzərdə tutulub".