ING: 2025-2027-ci illərdə Azərbaycan iqtisadiyyatı orta hesabla 2,25 % artacaq
- 12 sentyabr, 2025
- 09:34

Niderlandın ən böyük bank qrupu olan "ING Group" Azərbaycan iqtisadiyyatının 2025-ci ildə 2,3 %, 2026-cı ildə 2,5 % və 2027-ci ildə 2 % artacağını proqnozlaşdırır.
Bu barədə "Report" ING-yə istinadən xəbər verir.
Əvvəlki proqnozlarla müqayisədə cari il üçün ümumi daxili məhsulun (ÜDM) artım tempi 0,2 faiz bəndi azaldılıb, 2026-2027-ci illər üçün isə dəyişməz qalıb.
Beləliklə, ING 2025-2027-ci illərdə ölkənin ÜDM-nin orta illik artımını 2,25 % səviyyəsində proqnozlaşdırır.
Bankın qiymətləndirmələrinə görə, 2025-ci ilin III rübü üçün iqtisadi artım proqnozu 2 %, IV rüb - 4,5 %, 2026-cı ilin I rübü - 3,5 %, II rüb – 3 %, III rüb - 2,5 %, IV rüb – 1 % təşkil edir.
Azərbaycan İqtisadiyyat Nazirliyinin proqnozuna görə, ÜDM artımı 2025-ci ildə 3 %, 2026-cı ildə 3,2 % və 2027-ci ildə 3,6 % səviyyəsində gözlənilir.
Beynəlxalq reytinq agentliklərinin 2025-2026-cı illərdə Azərbaycan iqtisadiyyatının artımı ilə bağlı proqnozları fərqlənir. "S&P Global" - hər il üçün 2 %, "Fitch Ratings" - 2025-ci ildə 3 % və 2026-cı ildə 2,4 %, "Moody's" - hər il 2,5 % səviyyəsində proqnozlaşdırır.
Beynəlxalq Valyuta Fondu 2025-2026-cı illər üçün müvafiq olaraq 3,5 % və 2,5 % artım proqnozlaşdırır.
Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın iqtisadi artımının 2025-ci ildə 3 %, 2026-cı ildə isə 2,5 % olacağını proqnozlaşdırır. Dünya Bankı bu il Azərbaycanda iqtisadi artımın 2,6 %, 2026-cı ildə isə 2,4 % səviyyəsində olacağını gözləyir.
2024-cü ildə Azərbaycan iqtisadiyyatı 4,1 %, 2025-ci ilin yanvar-avqust aylarında isə 1 % artıb.