BMT-nin Baş Qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Digər ölkələr
  • 08 noyabr, 2025
  • 02:04
BMT-nin Baş Qərargahı qarşısında Zəfər Günü ilə bağlı məlumatlandırma aksiyası keçirilir

Birləşmiş Millətlər Təşkilatının (BMT) Nyu-Yorkdakı Baş Qərargahı qarşısında 8 Noyabr – Zəfər Günü münasibətilə məlumatlandırma aksiyası keçirilir.

"Report"un ABŞ bürosu xəbər verir ki, Nyu-York şəhərində Zəfər Günü ilə bağlı başladılan məlumatlandırma kampaniyası Amerika-Azərbaycan Gənclər Federasiyasının təşəbbüsü və Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutub.

Zəfər Günü ilə bağlı tarixi faktların qeyd olunduğu LED ekranlı avtomobilin ilk dayanacağı BMT-nin qərargah binasının önü olub.

Ekranlarda Azərbaycanın dövlət bayrağı, "Qarabağ sülhün və ümidi məkanıdır", "5 illik qələbən mübarək, Azərbaycan", "Azərbaycanın zəfəri, ədalətin qələbəsi", "Qarabağda davamlı sülh naminə birliyimiz əbədidir", "Zəfər qəhrəmanlarını ehtiramla yad edirik", "Azərbaycan qalib gəldi və Qafqazda sülhü, həmrəyliyi möhkəmləndirdi", "Qarabağ - sülhün və ümidin diyarı", "Azərbaycan - 5 illik cəsarət, 5 illik qürur!" şüarları və xarıbülbül ilə azad olunmuş ərazilərin təsvirləri əks olunub.

BMT diplomatları Amerika-Azərbaycan Gənclər Federasiyasının üzvlərinə yaxınlaşaraq Azərbaycanı Zəfər Günü münasibətilə təbrik ediblər.

LED ekranlı avtomobil bir neçə saat ərzində BMT binasının ətrafında dövrə vurub. Avtomobil gün ərzində Nyu-Yorkun müxtəlif küçə və meydanlarını dolaşaraq yerli sakinləri Azərbaycan tarixinin parlaq səhifəsi olan tarixi Zəfər barədə məlumatlandıracaq. Növbəti dayanacaq isə Nyu-Yorkun simvolu hesab olunan dünyaca məşhur "Times" meydanı olacaq.

Son xəbərlər

Bütün Xəbər Lenti