Hesablama Palatası: Feromon tələləri qeyri-optimal qiymətlərlə satın alınıb
- 26 sentyabr, 2025
- 15:33

Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi feromon tələlərini qeyri-optimal qiymətlərlə satın alıb.
"Report" xəbər verir ki, bu qənaətə Hesablama Palatası Agentlikdə apardığı auditdən sonra gəlib.
Məlumata görə, ehtimal olunan qiymətlərin hesablanması üçün səmərəli (regional coğrafiyadakı istehsalçılar üzərindən) bazar araşdırmaları aparılmadan Kosta-Rika mənşəyinə üstünlük verilərək ticarətçi qeyri-rezident şirkətlə bir dəstinin qiyməti 32,1 manata sənədləşdirilmiş müqavilələr bağlanılıb və ümumilikdə ödənilmiş dəyəri 1 milyon 669,1 min manata bərabər 51 949 dəst feromon (P588) tələlərinin qeyri-optimal qiymətlərlə satınalınmasına yol verilib. İki il ərzində istifadə olunmasına baxmayaraq həmin feromon tələlərinin hal-hazıradək dövlət sınağından keçməsi və dövlət qeydiyyatına alınması təmin edilməyib.
Eyni zamanda, feromon tələlərindən 01.01.2025-ci il tarixinə 35018 dəstinin qalıqda qalması və köhnəlməsi qeyri-rezident şirkətlə bağlanmış müqavilələr üzrə tələbatın düzgün müəyyənləşdirilməməsini və 1 milyon manata yaxın büdcə vəsaitinin 2023-cü ildə səmərəsiz xərclənməsini deməyə əsas verib.
Həmçinin, auditə təqdim edilmiş sənədlər zəif və ya sıx qaydada aşkarlanan zərərvericilərin ölkənin bəzi (şimal və şimal-qərb) regionları üzrə müşahidə olunduğunu, feromon tələlərinin isə risk əsaslı yanaşmalarla deyil, 2024-cü ildə az qala bütün regionlar üzrə asıldığını (müvafiq hallarda, fermer təsərrüfatları üzrə rəsmiləşdirilmədən) göstərib ki, bu da büdcə vəsaitlərindən səmərəsiz istifadəni bir daha təsdiq edir.