ADB Hövsan stansiyasının modernizasiyasına özəl sektorun cəlb olunmasını tövsiyə edir
- 26 sentyabr, 2025
- 17:43

Bərpa olunan enerji sahəsində inkişaf üçün rəqabətli ticarət praktikası Azərbaycana faydalı nümunə ola bilər.
"Report"un məlumatına görə, bunu Asiya İnkişaf Bankının (ADB) investisiyalar üzrə baş mütəxəssisi Əli Malik Bakıda keçirilən "Yaşıl Enerji Həftəsi 2025: Azərbaycan və Mərkəzi Asiya" tədbiri çərçivəsində bildirib.
"Rəqabətli ticarət real qiyməti müəyyən etməyə imkan verir. Rəqabət şəraitində məhz bu mexanizm enerji layihəsinin reallaşdırılmasının ən aşağı dəyərini təmin edir. Biz bunu təkcə Özbəkistanda deyil, həm də Vyetnam, Tailand, eləcə də Mərkəzi Asiya ölkələri kimi digər bazarlarda da müşahidə etmişik. Özbəkistan burada parlaq nümunədir. Buna görə də biz Azərbaycan hökumətinə oxşar yanaşmadan istifadə etməyi tövsiyə edirik", - o qeyd edib.
Ə.Malik xatırladıb ki, ADB bu yaxınlarda Azərbaycan hökuməti ilə Hövsan aerasiya stansiyasında təmizləyici qurğuların modernləşdirilməsi layihəsi ilə bağlı məsləhət mandatını imzalayıb.
"Biz sövdələşmənin strukturlaşdırılması ilə məşğul olacaq, tender keçirilməsi və özəl sektordan təkliflər cəlb edilməsi məsələlərində hökumətə məsləhət verəcəyik. Bu, Azərbaycan üçün yeni və mürəkkəb bir sektordur, amma investorları maraqlandırmaq məhz belə mümkündür", - o vurğulayıb.
Ə.Malikin sözlərinə görə, Azərbaycanın dekarbonizasiya çərçivəsində irəlilədiyi yeni sektorlarda Beynəlxalq Maliyyə Korporasiyasının (IFC) rolu rəqabətli mexanizmlər vasitəsilə xarici investorların cəlb edilməsindən ibarətdir.
"Hökumətlərarası sazişlər (G2G kontraktları) ilkin mərhələdə faydalıdır, lakin inkişaf etdikcə, rəqabətə keçid həlledici əhəmiyyət kəsb edir. Bu, Qazaxıstanda, Özbəkistanda və Cənub-Şərqi Asiya ölkələrində müşahidə olunur. Düşünürəm ki, məhz bu yanaşma Azərbaycanda layihələrin strukturunu müəyyən etməlidir. Təcrübə göstərir ki, düzgün strukturlaşdırılmış layihələr beynəlxalq investisiyaları Azərbaycan bazarına cəlb etmək qabiliyyətinə malikdir", - ADB nümayəndəsi yekunlaşdırıb.