BMT tribunasında Zəfər çıxışı - Azərbaycanın dünya siyasətində artan rolunun təsdiqi - ŞƏRH
- 26 sentyabr, 2025
- 17:43

Nyu-Yorkda növbəti tarixi ilkə imza atıldı - Azərbaycan Prezidenti İlham Əliyev otuz il ərzində ilk dəfə dünyanın ən ali tribunasına qalib ölkənin lideri kimi qalxdı. Azərbaycanın yaratdığı reallıqları dünyanın diqqətinə çatdırdı. Bu tarixi Zəfər çıxışında torpaqların azad edilməsi, suverenlik, ərazi bütövlüyünün bərpasından tutmuş işğalın nəticələrinin sürətlə aradan qaldırılması, beynəlxalq humanitar yardımlarda aktiv iştirak, qlobal tədbirlərə ev sahibliyi kimi mühüm məsələlərə toxunuldu.
Ən əsası, İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında Azərbaycanın regionda yaratdığı yeni reallıqları dünyanın diqqətinə çatdırdı. Qalib, ərazi bütövlüyü təmin edilən ölkənin lideri kimi ali tribunaya çıxmaq şərəf və qürur doğuran bir haldır.
Prezidentin çıxışından bəzi məqamlara nəzər salaq; şübhəsiz, ilk məsələ işğal faktı və onun aradan qaldırılması idi ki, dünya bunu da diqqətlə dinlədi.
"Uzun illər ərzində mən bu kürsüdən Azərbaycana qarşı törədilmiş təcavüz, işğal və ədalətsizlik faciələri barədə danışmışam. Bu gün isə qələbəyə və sülhə aparan uzun yolumuzdan danışacağam", - deyə Prezident bəyan etdi. Bu məqam, Azərbaycanın haqq işinin qələbə ilə nəticələnməsinin BMT tribunasından rəsmən dünyaya bəyan olunması idi.
Dövlət başçısı vurğuladı ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yalnız hərbi gücün deyil, beynəlxalq hüququn tələb etdiyi ədalətin təntənəsidir.
Otuz ildən artıq münaqişənin nizamlanması ilə məşğul olan təşkilatların, daha dəqiq ifadə etsək, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə də yer ayrıldı. Prezident bildirdi ki, 1992-ci ildə münaqişənin həlli üçün təsis edilmiş ATƏT-in Minsk qrupu öz missiyasını yerinə yetirə bilmədi: "Onun (Minsk qrupu – red.) həmsədrləri beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə, status-kvonu qoruyub saxlamağa və münaqişənin dondurulmasına çalışdılar".

Prezident nitqində 44 günlük Vətən müharibəsini beynəlxalq hüquq müstəvisində izah edərək Azərbaycanın məhz BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etdiyini də diqqətə çatdırdı: "Azərbaycan müharibəni beynəlxalq humanitar hüquqa tam riayət etməklə apardı. Biz mülki şəxslərin mühafizəsini təmin etdik, qeyri-hərbi infrastrukturu hədəfə almaqdan çəkindik".
Bu vurğulama Azərbaycanın müharibəni işğalçı Ermənistanın təcavüzündən fərqli olaraq beynəlxalq hüquqa əsaslanmaqla apardığını göstərir. Azərbaycanın zəfəri həm də beynəlxalq ədalətin təcəssümü idi.
Prezident İlham Əliyev işğala son qoyulduqdan dərhal sonra Azərbaycanın sülhə hazır olduğunu BMT tribunasından da xüsusi qeyd etdi: "Gəlin birlikdə ikili standartların aradan qaldırıldığı, ədalətin seçici olmadığı, qanunun aliliyinə hörmət edildiyi, sülhün təkcə sözlərlə deyil, praktik addımlarla təmin olunduğu bir dünya quraq".
Bu sözlər sadəcə mücərrəd bir çağırış deyil, arxasında real mübarizə və qələbə ruhu dayanır.
Ali tribunadan işğalın nəticələrinin qabardılması
Azərbaycan Prezidentinin çıxışında 30 illik işğal zamanı dağıdılmış ərazilərin bərpası xüsusi yer tutdu. Bəllidir ki, Ermənistan işğal illərində yüzlərlə şəhər və kəndi yer üzündən sildi, 65 məscidi dağıtdı, vaxtilə çiçəklənən torpaqları xarabalığa çevirdi.
"Biz isə əsasından dağıdılmış kənd və şəhərləri bərpa edirik. "Böyük Qayıdış" proqramı çərçivəsində azad edilmiş torpaqlarda artıq 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır", - deyə İlham Əliyev vurğuladı.

Bu proqram Azərbaycanın təkcə öz torpaqlarını qaytarmadığını, həm də onları həyata qaytardığının rəmzinə çevrilib. Üstəlik, bunu yalnız öz resursları hesabına edir. Belə özünütəminat təcrübəsi də beynəlxalq arenada diqqətə və hörmətə layiqdir. Azərbaycanın iqtisadi dayanıqlılığı da az əhəmiyyət kəsb etmir.
Çıxışın diqqətçəkən məqamlarından biri də Ermənistanla danışıqlar barədə deyilənlər idi. Prezident vurğuladı ki, proseslər yalnız ikitərəfli formatda aparıldığı üçün real nəticə verib və artıq sülh müqaviləsi layihəsi beş əsas prinsip əsasında formalaşıb. Bu, Azərbaycanın müstəqil və suveren iradəsinin göstəricisidir: heç bir vasitəçiliyə ehtiyac olmadan regionun taleyini müəyyən etmək.
Dünya Azərbaycan liderinin dilindən postmünaqişə dövründə Azərbaycanın qarşısında duran ən ağır humanitar problemlərdən birini də eşitdi. Bu, Ermənistan işğalı dövründə yerləşdirilmiş minaların yaratdığı təhlükədir. Beynəlxalq ictimaiyyətə bəlli oldu ki, 2020-ci ilin noyabrından bu günədək 400-dən çox azərbaycanlı mülki şəxs və hərbçi mina partlayışları nəticəsində həlak olub və ya ağır yaralanıb. Dövlət başçısı vurğuladı ki, bu geniş mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına və bərpa layihələrinin həyata keçirilməsinə əngəl törədir.
Avropanın enerji təhlükəsizliyini təmin edən mühüm ölkə
Dünya birliyi Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynadığını da bir daha eşitdi. Prezident qeyd etdi ki, Azərbaycan hazırda 14 ölkəyə təbii qaz ixrac edir. Bununla Azərbaycan boru kəməri vasitəsilə qaz təmin edən ölkələrin sırasında dünyada birinci yeri tutur: "Axı Avropadakı enerji böhranı və məhdud sayda mənbələrdən təchizatdan asılılıq fonunda Azərbaycanın bu rolu strateji əhəmiyyət kəsb edir. Ölkəmiz təkcə regional deyil, həm də qlobal enerji arxitekturasında öz mövqelərini möhkəmləndirən etibarlı tərəfdaş kimi çıxış edir".

Maraqlıdır ki, Prezident Nyu-Yorkda Xəzərin problemlərinə də toxundu və bildirdi ki, 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının Zirvə Görüşündə Xəzər dənizində ətraf mühitin pozulması məsələni qaldırıb. Həqiqətən də bu gün vəziyyət acınacaqlıdır və Xəzər dənizi sürətlə azalır. Əsas səbəb də iqlim dəyişməsi deyil. Gözlənilməz nəticələri olan ekoloji faciəni dayandırmaq üçün Xəzəryanı dövlətlərin birgə səyləri zəruridir. Azərbaycan da həmin problemin həlli üçün BMT ilə də sıx əməkdaşlığa hazırdır.
İlham Əliyev beynəlxalq münasibətlərin yeni xəttini ortaya qoydu
Prezident Nyu-Yorkda beynəlxalq münasibətlərin yeni xəttini də ortaya qoydu. Dünya nəhəngi ABŞ ilə əlaqələrin strateji müstəviyə keçdiyini bəyan edən dövlətimizin başçısı Strateji İşçi Qrupunun yaradılacağını və tərəfdaşlığın Xartiya ilə rəsmiləşəcəyini bildirdi. Bu addım Azərbaycanın Qərblə münasibətlərini dərinləşdirməklə yanaşı, ölkəmizi beynəlxalq siyasətdə etibarlı tərəfdaş kimi daha da möhkəmləndirəcək. Bu kontekstdə ABŞ Prezidenti Donald Trampın 1992-ci ildə Azadlığa Dəstək Aktına 907-ci düzəliş şəklində Azərbaycana qarşı tətbiq olunmuş sanksiyaların icrasını dayandırması qərarı da tarixi addımdır.
Prezident bəyan etdi ki, ABŞ Konqresinin 907-ci düzəlişi birdəfəlik ləğv etməsi ikili standartların mirasına son qoymaqla, Azərbaycanın qlobal təhlükəsizlik və sabitliyə töhfə verdiyi bir dövrdə etimad və əməkdaşlığı möhkəmləndirərdi.

Vaşinqton Sammiti, həmçinin Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin başlanmasına işarədir.
"Azərbaycanla Birləşmiş Ştatlar arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında iki hökumət arasında Anlaşma Memorandumunu Prezident Donald Tramp ilə birgə imzaladıq. Bu, siyasi, iqtisadi, enerji, regional bağlantılar, müdafiə, təhlükəsizlik və digər sahələrdə tərəfdaşlıq üçün yeni üfüqlər açır. Azərbaycan-ABŞ münasibətlərində yeni səhifə açdığına, münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək qərarına və Azərbaycan ilə Ermənistan arasında sülh prosesinə dəstəyinə görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edirəm", - deyə dövlət başçısı bəyan etdi.
Beləliklə, Prezidentin tarixi çıxışını Azərbaycanın gələcək onilliklər üçün siyasi yol xəritəsi adlandırmaq olar - sülhün qurulması, strateji tərəfdaşlıqların inkişafı, enerji və kommunikasiya xətlərində mərkəz rolunun möhkəmləndirilməsi. Ən əsası, Azərbaycan ali tribunadan yalnız öz sözünü demədi, həm də gələcək qlobal nizamın ədalət prinsiplərinə əsaslanması üçün çağırış etdi. Prezident İlham Əliyevin çıxışı beynəlxalq aləmdə rezonans doğurmaqla yanaşı, ölkəmizin dövlətçilik iradəsini və siyasi sabitliyə bağlılığını da nümayiş etdirdi. Bu, sadəcə bir nitq deyildi – Azərbaycanın dünya siyasətində artan rolunun təsdiqi idi.