Azərbaycanın cari əməliyyatlar balansının profisiti 12 %-ə yaxın azalıb
- 10 sentyabr, 2025
- 11:14
 
                            
                            
                        Bu ilin I yarımilində, ilkin məlumatlara görə, Azərbaycanın cari əməliyyatlar balansının (CƏB) profisiti 2 milyard 317,4 milyon ABŞ dolları olub.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 11,7 % azdır. Bununla da, CƏB-də ÜDM-in 6,3 %-i səviyyəsində müsbət saldo qeydə alınıb.
"2025-2026-cı illərin yekunu üzrə tədiyə balansının cari hesabının profisitli olacağı ilə bağlı proqnozumuz dəyişməz qalır", - AMB bəyan edib.
Yarım illik profisit xarici ticarət balansındakı 4 milyard 161,4 milyon dollarlıq qalıq (9,9 % az), xidmətlər balansındakı 1 milyard 48,1 dollarlıq kəsir (5,7 % az), ilkin gəlirlər balansındakı 1 milyard 78,1 milyon dollarlıq kəsir (12,3 % az) və təkrar gəlirlər balansındakı 282,2 milyon dollarlıq qalıq (17,8 % az) hesabına formalaşıb.
