Tahir Süleymanov: Azərbaycan və Ukrayna birgə dərman istehsalı təşkil edə bilər
- 31 oktyabr, 2025
- 10:55
 
                            
                            
                        Ukrayna və Azərbaycanın elmi-tədqiqat institutları əczaçılıq sahəsində bir sıra sazişlər imzalayaraq sıx əməkdaşlıq qurub.
"Report" xəbər verir ki, bunu Azərbaycan Əczaçılar Assosiasiyasının sədri və Azərbaycan Tibb Universitetinin (ATU) Əczaçılıq kimyası kafedrasının müdiri Tahir Süleymanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi ("Medinex 2025") çərçivəsində keçirilən sessiyada bildirib.
Onun sözlərinə görə, Azərbaycan bu səmərəli əməkdaşlığın davam etdirilməsi üçün prioritetləri və potensialı görür.
T.Süleymanovun sözlərinə görə, Azərbaycan bu tərəfdaşlığı yeni dərman vasitələri və vaksinlərin yaradılması üçün geniş imkanlar açan uzunmüddətli və strateji prioritet kimi nəzərdən keçirir.
"Biz yeni əczaçılıq məhsullarının - o cümlədən vaksinlər və digər dərmanların hazırlanması üzərində birgə işləmək potensialını görürük. Bu, əməkdaşlığımızın əsas istiqaməti ola bilər", - o qeyd edib.
O əlavə edib ki, logistika sahəsində birgə layihələr və tibbi preparatların qeydiyyatı üzrə tənzimləyici prosedurların sadələşdirilməsi səhiyyə sahəsində qarşılıqlı əlaqələri xeyli yaxşılaşdıracaq.
"Dərmanların mövcud qeydiyyat mərhələləri kifayət qədər mürəkkəbdir. Onların optimallaşdırılması hər iki tərəfə böyük fayda gətirə bilər", - T.Süleymanov vurğulayıb.
Qeyd edək ki, "Medinex-2025" sərgisi çərçivəsində " İkitərəfli Əczaçılıq Müzakirəsi: Dialoqdan Əməkdaşlığa – Ukrayna və Azərbaycanın Əczaçılıq İmkanları" adlı sessiya təşkil olunub.
