Bu ilin sonunadək iki xarici şirkət Ələt Azad İqtisadi Zonasında məhsulların istehsalına başlayacaq
- 31 oktyabr, 2025
- 10:42
 
                            
                            
                        Bu günə qədər Ələt Azad İqtisadi Zonasında (AİZ) təxminən 200 hektara yaxın hazır ərazi mövcuddur.
"Report" xəbər verir ki, bunu AİZ İdarə Heyətinin sədri Valeh Ələsgərov Türkiyə və Azərbaycan arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məqsədilə Bakıya səfər edən İstanbul Sənaye Palatasının (İSO) Məclis üzvləri ilə keçirilən genişmiqyaslı biznes görüşündə bildirib.
Onun sözlərinə görə, bu ərazilərin böyük hissəsi artıq investorlara təqdim olunub:
"Paralel olaraq, ağır sənaye üçün ayrılmış ərazidə, yəni 200 hektardan artıq sahənin bir hissəsində inşaat işləri başa çatmaq üzrədir və yaxın bir-iki həftə ərzində tamamlanacaq. Artıq 138 hektarlıq sahənin yarıdan çoxu investorlara təqdim edilib".
O bildirib ki, bu günə qədər Ələt Azad İqtisadi Zonasında Çin, Hindistan, Rusiya, İsrail, Türkiyə və digər ölkələrdən olan şirkətlər qeydiyyatdan keçiblər: "Onlardan dördü artıq inşaat işləri aparır, iki şirkət isə bu ilin sonunadək razılaşdırılmış məhsulların istehsalına başlayacaq. Digər şirkətlər də tikinti mərhələsindədir və onların istehsal fəaliyyətinə gələn il və ondan sonrakı il başlanması planlaşdırılır".
V. Ələsgərov əlavə edib ki, Ələt Azad İqtisadi Zonasının əsas cəlbedici üstünlüklərindən biri vergi və gömrük rüsumlarının tamamilə sıfır olmasıdır:
"Burada fəaliyyət göstərən şirkətlər heç bir vergi və gömrük rüsumu ödəmir. Hər iki göstərici sıfırdır".
