Azərbaycanda mikromaliyyə sektorunun imkanlarının genişləndirilməsi müzakirə edilib
- 01 dekabr, 2025
- 17:41
Azərbaycan Mərkəzi Bankında (AMB) mikromaliyyə sektorunun imkanlarının genişləndirilməsi müzakirə edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, qurumun baş direktoru Fuad İsayev "Azərbaycan Mikromaliyyə Assosiasiya" İctimai Birliyinin rəhbərliyi, ona üzv və qeyri-üzv bank olmayan kredit təşkilatlarının (BOKT) rəhbər heyəti ilə görüşüb.
Görüş iştirakçılarına bu ilin 9 ayı üzrə BOKT-ların fəaliyyətinin maliyyə nəticələri, requlyativ çərçivənin təkmilləşdirilməsi, eləcə də sektorun sağlamlaşdırılması istiqamətində görülmüş işlər barədə məlumat verilib. Əlavə olaraq maliyyələşmə imkanlarının genişləndirilməsi, dövlət fondları ilə əməkdaşlıq, təşkilatların regionlarda, eləcə də işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında fəaliyyət perspektivləri, qanunvericiliyin tələbləri və digər məsələlər ətraflı müzakirə edilib.
Görüşdə həmçinin BOKT-ların institusional gücləndirilməsi, eləcə də fəaliyyət istiqamətlərinin genişləndirilməsi və dayanaqlılığının təmin olunması çərçivəsində növbəti dövrdə görüləcək işlərə dair məlumat təqdim olunub.