Azərbaycanda "bancassurance" modelinin tətbiqi üzrə yol xəritəsi müəyyənləşib

Maliyyə
  • 28 noyabr, 2025
  • 11:34
Azərbaycanda bancassurance modelinin tətbiqi üzrə yol xəritəsi müəyyənləşib

Azərbaycanda "bancassurance" (bankdan asılı sığorta) modelinin tətbiq olunması üzrə yol xəritəsi müəyyən edilib.

"Report" xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə Sektorunun Davamlı İnkişafı Departamentinin direktoru Rüstəm Tahirov Azərbaycanda Amerika Ticarət Palatasının ("AmCham") təşkilatçılığı ilə Bakıda keçirilən "Bank və sığorta sektorlarının inteqrasiyası" mövzusunda tədbirdə bildirib.

Onun sözlərinə görə, bununla bağlı bank və sığorta sektorları arasında əməkdaşlıq platforması qurulub: "Azərbaycan Banklar Assosiasiyası" və "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birlikləri arasında rəhbərlik səviyyəsində işçi qrupu formalaşdırılıb, İşçi qrupu "bancassurance" məhsullarının tətbiq olunması üzrə bir yol xəritəsi müəyyən edib, həmin xəritəynə uyğun olaraq məhsulların mərhələli qaydada tətbiqini həyata keçirir".

AMB rəsmisi əlavə edib ki, "Bancassurance" modeli bütün iştirakçılar üçün faydalıdır, o cümlədən banklar üçün əlavə komissiya gəliri deməkdir: "Bu, eyni zamanda kreditlərlə bağlı riskləri azaltmaq, onları tənzimləmək üçün bir alətdir. Bankların sığorta məhsulları təqdim etməsi bank-müştəri münasibətlərini daha da gücləndirir, "relationship" dediyimiz modelin yaradılmasına zəmin yaradır. ​Sığorta şirkətləri üçün isə bu, birinci növbədə satış kanallarıdır, həm fiziki kanallar, həm rəqəmsal kanallar, yeni müştərilərə, müştəri bazasına çıxış imkanları yaradır. Eyni zamanda təcrübə göstərir ki, bu, daha aşağı satış xərcləri deməkdir. ​Maliyyə xidmətləri istehlakçıları üçün də bu, faydalıdır, müştəri məmnunluğu formalaşdırır və sığorta xidmətlərinə əlçatanlığı artırır".

​Qeyd olunanları nəzərə alaraq, beynəlxalq təcrübə təhlil edilməklə, AMB "bancassurance" modelinin tətbiqini özünün strateji hədəfləri sırasına daxil edib.

"Bu modelin tətbiqi həm kreditləşmənin artımına, eyni zamanda sığortanın penetrasiyasına, inklüzivliyinə müsbət təsir edəcək", - R. Tahirov qeyd edib.

Son xəbərlər

Bütün Xəbər Lenti