Azərbaycan Harvard Universitetinin ekspertləri ilə dövlət maliyyəsinin idarə olunmasını müzakirə edib
- 26 sentyabr, 2025
- 16:15

Bu gün Maliyyə Nazirliyində ABŞ-nin Harvard Universitetinin "Growth Lab" beynəlxalq inkişaf mərkəzinin ekspertləri ilə görüş keçirilib.
"Report" nazirliyə istinadən xəbər verir ki, görüş zamanı dövlət maliyyəsinin idarə olunması sahəsində həyata keçirilən islahatlar, o cümlədən fiskal çərçivənin təkmilləşdirilməsi, büdcə qaydasının tətbiqi, qeyri-neft gəlirlərinin artırılması və fiskal dayanıqlığın gücləndirilməsi istiqamətində qabaqcıl yanaşmalar müzakirə edilib.
Həmçinin, müzakirələrdə Azərbaycanın müasir fiskal çərçivəsinin möhkəmləndirilməsi, büdcə qaydaları üzrə potensial islahatlar, qeyri-neft sektorunun inkişafı və institusional koordinasiyanın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub. "Growth Lab" ekspertləri fiskal və transfert qaydaları üzrə simulyasiya modelləri barədə də məlumat təqdim ediblər.
Ekspertlərin ölkəmizə səfəri Nazirlər Kabinetinin "Harvard Universiteti ilə tədqiqat və təhsil-təlim layihəsinin icrası sahəsində təşkilati-inzibati məsələlərin tənzimlənməsi haqqında" Sərəncamının icrası çərçivəsində həyata keçirilir.