Azərbaycan Prezidentinin hər bir çıxışı ölkənin mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır - RƏY
- 26 sentyabr, 2025
- 18:00

Prezident İlham Əliyevin hər bir çıxışı Azərbaycan reallıqlarının, ölkənin regionda və dünyada möhkəmlənən mövqeyinin təqdimatında əhəmiyyətli rol oynayır.
Bunu "Report"a Milli Məclisin deputatı Vüqar Rəhimzadə bildirib.
O qeyd edib ki, beş il bundan öncə - 2020-ci ilin bu günlərində dövlət başçısı İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyasındakı çıxışında Ermənistanın yeni ərazilər uğrunda müharibə planından bəhs etdiyi halda, bu gün 80-cı sessiyada 30 ilə yaxın müddətdə davam edən səmərəsiz danışıqlardan sonra 2020-ci ildə Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə uyğun olaraq, özünümüdafiə hüququndan istifadə etməyə məcbur olduğunu diqqətə çatdırdı:
"2020-ci il noyabrın 10-u Ermənistanın kapitulyasiyası və təqribən 30 ilə yaxın davam edən işğaldan sonra Azərbaycanın ərazi bütövlüyünün bərpası kimi tarixə düşdü. Azərbaycan Zəfərlə bitən müharibədən dərhal sonra ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı şəkildə tanınması əsasında Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazır olduğunu bəyan etdi".

Vüqar Rəhimzadə qeyd edib ki, regionda sülh gündəliyinin müəllifi Azərbaycandır.
Milli Məclisin deputatı bildirib ki, dövlət başçısı İlham Əliyev çıxışında əsas diqqət göstərdiyi məsələlərdən biri də enerji təhlükəsizliyi oldu.
"Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatına töhfələri davamlılığı ildə diqqətdədir. Ölkəmiz etibarlı və əvəzolunmaz tərəfdaşa çevrilib. Azərbaycan şaxələndirilmiş neft və qaz kəmərləri vasitəsilə Xəzər regionunun beynəlxalq bazarlara birləşdirilməsində strateji rol oynayır".
Milli Məclisin deputatı ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası fonunda Azərbaycanın yeni dövrə qədəm qoymasından, hazırkı dövrün əsas çağırışlarından və hədəflərindən danışıb:
"Dövlətimizin başçısının vurğuladığı kimi, biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu. Biz bu müsbət təcrübəmizi paylaşmağa hazırıq. Son illərdə əldə etdiyimiz nailiyyətlər yalnız Azərbaycanın qələbəsi və uğuru deyil. Bu, həm də beynəlxalq hüququn sonda mütləq üstünlük təşkil etməsinin sübutudur. Bizim baxışlarımız aydındır. Bunlar beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı hörmət və əməkdaşlıqdır".