Ombudsman: Sülh müqaviləsinin imzalanması insan hüquqlarının təmini baxımından önəmlidir
- 26 sentyabr, 2025
- 18:12

Azərbaycanın Macarıstandakı səfirliyinin təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününə həsr edilmiş onlayn konfrans keçirilib.
Bu barədə "Report"a İnsan Hüquqları üzrə Müvəkkilin Aparatından məlumat verilib.
Bildirilib ki, ombudsman Səbinə Əliyeva konfransda çıxışı zamanı 44 günlük Vətən müharibəsinin müasir Azərbaycan tarixində xüsusi əhəmiyyətə malik olduğunu vurğulayaraq ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsini dərin hörmətlə anıb.
Ermənistan və Azərbaycan arasında uzun illər davam etmiş münaqişənin ağır nəticələrinə toxunan Ombudsman 2020-ci il 27 sentyabrda Ermənistanın beynəlxalq hüquq normalarını kobudcasına pozmaqla genişmiqyaslı hücuma başladığını, Azərbaycanın BMT Nizamnaməsinin 51-ci maddəsinə əsasən özünümüdafiə hüququnu həyata keçirərək əks-hücum əməliyyatına başladığını, nəticədə işğal altında olan torpaqların azad edilməsini tələb edən BMT qətnamələrinin də yerinə yetirildiyini bildirib.
S.Əliyeva bildirib ki, Vətən müharibəsinin başlandığı gündən etibarən, eləcə də postmüharibə dövründə ümumilikdə Ombudsman tərəfindən insan hüquqları sahəsində fəaliyyət göstərən təşkilatlara 18 hesabat, 29 bəyanat, 82 müraciət göndərilib.
Yekunda Ombudsman insan hüquqlarının təmini və müdafiəsi baxımından sülhün əvəzsiz rolunu qeyd edərək iki ölkə arasında sülh müqaviləsinin imzalanmasının bütün regionda davamlı sülh və birgə yaşayışın təmininə, gələcək nəsillər üçün təhlükəsiz, nifrət və dözümsüzlüyün olmadığı bir mühitin formalaşmasına şərait yaradacağına inanımını ifadə edib.