Deputat: "İqtisadi diplomatiya Azərbaycanın qeyri-neft sektoruna xarici sərmayələrin cəlbini gücləndirir"
- 26 sentyabr, 2025
- 17:59

Azərbaycan iqtisadi inkişafın aparıcı qüvvəsi kimi qeyri-neft sektorunun rolunu gücləndirmək məqsədilə xarici sərmayələrin cəlbini prioritet hesab edir və iqtisadi diplomatiyasını bu istiqamətdə genişləndirir.
Bunu "Report"a açıqlamasında deputat Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev Nyu-Yorkda dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə görüşərək Azərbaycanın iqtisadi potensialını təqdim edib, həmçinin regionda baş verən proseslər və yeni geoiqtisadi düzənlə bağlı müzakirələr aparıb.
Deputat vurğulayıb ki, ölkənin iqtisadi diplomatiyasının əsas məqsədi daha çox sərmayə cəlb etməklə qeyri-neft sektorunun inkişafını sürətləndirməkdir:
"Prezident tərəfindən yeni dövrün prioritetlərindən biri kimi məhz xarici sərmayələrin artırılması göstərilib. Xüsusilə qeyri-neft sektoruna yönələn sərmayələrin həcminin artması və iqtisadi diversifikasiyanın dərinləşdirilməsi strateji hədəflərdən olaraq qalır. ABŞ-la imzalanmış anlaşmalar və strateji tərəfdaşlığın möhkəmlənməsi bu ölkədən Azərbaycana daha çox sərmayənin cəlbinə imkan yaradacaq".
V. Bayramovun sözlərinə görə, ABŞ ilə qeyri-neft sektorunda, həmçinin informasiya texnologiyaları, nəqliyyat və logistika sahələrində əməkdaşlıq genişlənəcək:
"Azərbaycan Prezidentinin həyata keçirdiyi iqtisadi diplomatiya ölkədə diversifikasiyanı sürətləndirməyə, neftdən asılılığı azaltmağa və qeyri-neft sektorunu gücləndirməyə xidmət edir. Dövlət başçısının beynəlxalq platformalarda çıxışları və aparıcı şirkət rəhbərləri ilə görüşləri təsdiq edir ki, yaxın dövrdə iqtisadi diplomatiya qeyri-neft sektorunun inkişafına daha da təkan verəcək".
Deputat qeyd edib ki, son 10 ildə qeyri-neft sektorunun makroiqtisadi göstəricilərdə payı xeyli artıb:
"Artıq qeyri-neft ixracı 3,4 milyard dolları ötüb. Həm büdcə gəlirlərində, həm də ÜDM-də qeyri-neft sektorunun payı yüksəlir. Növbəti il dövlət büdcəsinin gəlirlərinin təxminən 58 %-i qeyri-neft sektorunun payına düşəcək ki, bu da neft gəlirlərindən sonrakı dövrün ən yüksək göstəricisidir. Hazırda ÜDM-də qeyri-neft sektorunun payı 70 %-ə yaxınlaşır, hədəf isə 80 %-dir".
Onun fikrincə, rəqəmlər göstərir ki, qeyri-neft sektoru artıq Azərbaycanın iqtisadi artımının əsas "drayveri"nə çevrilib:
"Bu kontekstdə islahatların dərinləşdirilməsi və qeyri-neft ixracının artırılması qarşıdakı illərdə də əsas prioritet olacaq".