Azərbaycan Dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlayır
- 07 oktyabr, 2025
- 12:07

Azərbaycanda Dövlət borcunun idarə edilməsinə dair yeni strategiya hazırlanır.
"Report" xəbər verir ki, bunu Maliyyə Nazirliyi yanında Dövlət Borclarının və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyinin direktoru Azər Mursaqulov "Almaniya-Azərbaycan İxrac Maliyyə Konfransı 2025"də çıxışı zamanı deyib.
"2018-ci ildə təsdiq edilmiş Dövlət borcunun idarə edilməsinə dair strategiyanın müddəti bu il başa çatır və biz artıq onun yenilənməsi üzərində işləyirik. Gələcək strategiyanın əsas sütunlarından biri əlavə xarici borclanma olacaq. Daha əvvəl də qeyd etdiyim kimi, xarici və daxili borc balansında hədəfə çatdığımız üçün yeni xarici borclanma imkanlarını araşdırmağa hazırıq. Burada söhbət bəzi prioritet dövlət layihələrindən, xüsusilə metro şəbəkəsinin genişləndirilməsi, dəmir yolu şəbəkəsinin inkişafı layihələrindən, eləcə də su təchizatı və kanalizasiya sahəsində proqramlardan gedir. Biz artıq bir sıra ən böyük beynəlxalq maliyyə institutları ilə əməkdaşlıq edirik, lakin hesab edirəm ki, araşdırılacaq daha çox imkanlar var", - A.Mursaqulov vurğulayıb.
Bundan əlavə, o qeyd edib ki, son yeddi ildə dövlət zəmanətləri portfelini əhəmiyyətli dərəcədə azaldılıb ki, bu da maliyyə şirkətləri üçün yeni perspektivlər açır.