AMB: Xarici valyuta bazarında təklif tələbi üstələyir - YENİLƏNİB
- 22 oktyabr, 2025
- 12:12

Bu il Azərbaycan Mərkəzi Bankının (AMB) keçirdiyi valyuta hərraclarında orta satış 45 milyon ABŞ dolları olub.
"Report" xəbər verir ki, bunu AMB-nin sədri Taleh Kazımov rəhbərlik etdiyi qurumun faiz dəhlizinin parametrləri ilə bağlı qərarına həsr olunmuş mətbuat konfransında bildirib.
"Həm bizim, həm də Dövlət Neft Fondunun valyuta ehtiyatlarının artması göstərir ki, xarici valyuta bazarında təklif tələbi üstələyir. 9 ayda müsbət saldo 230 milyon ABŞ dolları olub. Yəni, əhali daha çox valyuta satır, nəinki alır", - deyə o qeyd edib.
Azərbaycanın xarici valyuta bazarında vəziyyət stabildir və burada ümumilikdə təklif tələbi üstələyir.
"Report" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, son 7 ayda mübadilə şöbələri tərəfindən nağd xarici valyutanın alışı satışını üstələyib. Rezident fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsinin son 1 ildə 1,8 faiz bəndi azalaraq sentyabrda 29 %-ə enməsi məzənnə ilə bağlı gözləntilərin nikbin olduğunu göstərir. Valyuta bazarında tarazlığın əsas amili olan xarici sektor göstəriciləri əlverişli olaraq qalır.
Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2025-ci ilin 9 ayında xarici ticarət balansının müsbət saldosu 1,8 milyard ABŞ dolları təşkil edib. Pul baratları üzrə də xalis daxilolmaların ötən ilə nəzərən müsbət dinamikası tədiyə balansının cari hesabının profisitli olmasını dəstəkləyir.
AMB-nin 2025-ci ilin sonuna cari hesabın profisiti üzrə proqnozu cüzi olaraq artırılma istiqamətində dəyişdirilib. 2026-cı ilə isə cari hesabın profisitinə dair proqnoz dəyişməz saxlanılıb.