Vahid Novruzov: "Azərbaycanda şəffaflıq strategiyası həyata keçirilir"
- 22 oktyabr, 2025
- 12:10

İqtisadi müstəqilliyin məqsədlərindən biri maliyyə sabitliyi və şəffaflığın təmin olunmasıdır.
"Report" xəbər verir ki, bunu Auditorlar Palatasının sədri Vahid Novruzov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin elmi-praktik konfransında bildirib.
Onun sözlərinə görə, iqtisadi müstəqilliyin mahiyyəti dəyişməsə də, onun qarşısında duran məsələlər dövlət quruculuğu prosesində bir qədər dəyişib: "Bütün dövlətlərdə olduğu kimi, Azərbaycanda da belədir. Müstəqilliyimizin ilk illərində iqtisadi müstəqilliyin əsas qayəsini neft strategiyası, müxtəlif sahələrdə həyata keçirilən uğurlu islahatlar, özəlləşdirilmə təşkil etsə də, müasir şəraitdə iqtisadi müstəqilliyin məqsədləri qeyri-neft sektorunun inkişafı, ixracın şaxələndirilməsi, rəqəmsal iqtisadiyyat və dayanıqlı inkişaf, yaşıl enerji, beynəlxalq əməkdaşlıq və milli maraqlardır".
O qeyd edib ki, iqtisadi müstəqilliyin məqsədlərindən biri də maliyyə sabitliyinin və şəffaflığın təmin olunmasıdır: "Şəffaflıq olmadan əldə edilən uğurları nəinki saxlamaq, inkişaf etdirmək, hətta saxlamaq da çətindir. Ona görə də ölkəmizdə şəffaflıq strategiyası həyata keçirilir. Belə bir deyim var: şəffaflıq tərəqqiyə qapalılıq tənəzzülə gətirib çıxarır. Çox təəssüf ki, bəzi sahələrdə hələ də qapalılıq müşahidə olunur. Şəffaflığın artırılması üçün bu sahədə də istər qanunvericilik baxımından, istər icra orqanları tərəfindən fəaliyyətin daha da gücləndirilməsini tələb edir. Bu, dövlət suverenliyinin daha möhkəm olması və prezidentin qarşımızda qoyduğu məsələlərin daha uğurla həyata keçirilməsi üçün vacibdir".